Yekə adamlarsınız, özünüzə hörmət edin!.. - Şəhriyar del Geranidən cavab

MƏDƏNİYYƏT
10:45 / 25.07.2020
3099

Şəhriyar del Gerani

Qəribədir, hər bir işıqlı işdən sonra iki cəbhədə məni özlərinə layiq təhqirlərlə arzu olunmaz ritorikada müzakirəyə çıxarırlar:

1. Radikal dindar cameə
2. Müxalifətçi cameə

Radikal dindarları başa düşürəm və onlarla qəti şəkildə dialoqa getməməyə qərar vermişəm. Di gəl, bu müxalifətçi yoldaşlar məndən nə istəyir, anlamıram. 

Əzizi-mənlər, 20 ilin başında bir peşəkar ədəbiyyat adamı, qəlbi ədəbiyyatla vuran bir şair - Nigar Həsənzadə çıxıb poeziya adına layiq şeir gecələri düzənlədi. Sağ olsun, məni də həmin şeir gecələrinə dəvət etdi, ölkədə olduğum vaxtlarda məmnuniyyətlə qatıldım. 

Həmin poeziya gecələrinin birində Birinci vitse-prezident Mehriban xanım da iştirak etdi. Çox da möhtəşəm oldu. Mehriban xanım bütün vəzifələrindən kənar Azərbaycanın çox mötəbər alimlər, ədəbiyyatçılar nəslinin nümayəndəsidir. Dövlət xadimlərinin mütləq əksəriyyətindən fərqli olaraq ədəbiyyatı, məxsusən poeziyanı son dərəcə yaxşı duya bilir. Bundan sonra nə qədər tədbirə dəvət edəcəklərsə, yenə də sevgiylə gedəcəm. Bu, mənim üçün hədsiz xoşdur. 

Normal düşüncəsi olan hər bir adam sevinməlidir ki, nə yaxşı, ölkə rəhbərliyi səviyyəsində şairə, yazıçıya diqqət var, ədəbiyyata, mədəniyyətə yer verilir. 

Tamam, indi sizdən soruşuram, zəhmət olmasa, cavab verin: Əzizimiz əhli-müxalifət, bu ötən illər ərzində nə vaxt bir poeziya gecəsi etdiniz, nə vaxt həmin o gecəyə məni çağırdınız və mən imtina etdim? Nə zaman olub belə bir şey? 

Allahınız olsun, başqa vaxt haqdan-ədalətdən danışırsınız. Axı belə bir fakt yoxdur ortada. Poeziya gecəsi etmək üçün də vəzifə lazımdır bəyəm? Bir samovar qaynanmış sudu, iki çaydan çay, üç dişləm də sadə ağ qənd, vəssalam. Ortalama dörd şirvan xərci var. Niyə etmirsiniz bunu? 

Ona görə ki, həyatınızda ədəbiyyat, poeziya qəti şəkildə işritak etmir. 

Ona görə ki, istedadsızsınız. (İstedadlı və bilgin dostlarım var, sözüm onlara aid deyil. İstisnalar qaydaları pozmur.) Ümumiyyətlə, bir partiya olaraq nə vaxt ədəbiyyatın, kitabın, ciddi bir ədəbiyyat adamının, gerçək bir imzanın yanında oldunuz, biz onu görmədik? 

O ki qaldı sonuncu görüşə, sağ olsunlar, sayıblar, dəvət ediblər, getmişəm. Bundan sonra da dəvət etsələr, yenə də gedəcəm. 

Heç kimsə mənim əlimdən tutub şeir yazmaq, roman yazmaq öyrətməyib ki, indi də mənə "Hara get, hara getmə" göstərişi versin. 

Yekə adamlarsınız, özünüzə hörmət edin. 

Şəxsən mənim azarım ölkədə normal ədəbi-mədəni mühitin, kitab sənayesinin yaranması, institutlaşmış cəmiyyətin formalaşması, xalqın rifahının yaxşılaşmasıdır. Həmin görüşdə də məhz bu tezisləri səsləndirmişəm, maraqlana bilərsiniz. 

Və əlbəttə, düşünürəm, bütün bunları yalnız və yalnız indiki iqtidar edə bilər, başqa heç kimsələr. Bu da mənim baxışımdır. 

Zəhmət çəkin, hörmət edin. Sizə inanmıram. Ona görə ki, istedadınız yoxdur, qup-qurudur siyasətiniz, nitqiniz. Mitinqlərinizdə iştirak etmişəm dəfələrlə, düzü, ətim tökülüb. Nimdaş təhkiyə, gülünüb qurtarmış lətifələr, solğun ritorika. Xalq artistinin mahnısıyla mitinq keçirmək qədər absurd savada, yanaşmaya malik adamlar bizdən dəstək gözləyirlər. 

Ey bu srabonaturts adamlar, hələ də anlamırsınız ki, bu boyda istedadlı, duyğulu, fitrətən bilgili olan xalqın qarşısına elə istedadsızlıqla çıxmaq olmaz? Məğlubiyyətinizin səbəbi də məhz budur - istedadsızlıq. Bu xalq istedadlı adamlara inanır. Ona görə də, sizə inanmır. 

Ölkə rəhbərliyi dəvət edib, görüşə getmişəm. Mən bir şair kimi, yazıçı kimi, vətəndaş kimi dövlətçiliyimizin yanındayam hərdaim. İndiki ağır dönəmlərdə hər bir dövlət vicdanı olan düşüncə adamı belə olmalıdır və belədir. Vəzifə istəməmişəm, kreslo istəməmişəm. Bundan sonra nə qədər ömrüm olsa, yenə də istəməyəcəm. Bunu ilk dəfə və bütün səmimiyyətimlə deyirəm, təklif olunsa belə, çox mədəni, özümə yaraşan tövrlə imtina edəcəm. 

Mənim ən ali vəzifəm, ən mübarək kreslom öz yazı masamdır, onu da Allah bəxş edib, min bir şükrlər olsun. 

Öz ədəbiyyatımı yaradıb, öz poeziyamla məşğulam, şeirlə yaşayıram. Bütün ömrüm şeirdir. Mənim ömrümün mənası ədəbiyyatdır. Bir yaradıcı insan kimi öz üfüqümə çatmışam, öz gerçəyimi bilirəm və Allahın ətəyindən yapışmışam, ona tapınmışam. Odur ki, siz də çalışın öz işinizlə məşğul olun, faydalı olasınız bəlkə. 

Allah hər şeyi görür və bilir. 

Amma sualım yaddan çıxmasın, xahiş edirəm, cavablandırasınız, heç olmasa özlüyünüzdə. Deyin görək, nə vaxt bir şeir gecəsi keçirmisiz, məni dəvət etmisiz və mən də imtina etmişəm? 

Yeri gəlmişkən, 6 il qabaq cəmi bircə dəfə iki şeirimi hansısa saytınızda doğum günümə jest olaraq yayımlamışdınız, onu da sizə yönəlik cüzi tənqidimdən sonra sildiniz. Bu da sizin demokratiyanız. Nə isə. 

Öz işinizlə məşğul olun, əzizlərim. 

Heç olmasa, arada-bərədə ağac əkin. Ağac əkmək ən faydalı işlərdəndir. Bəsdirin camaatın nəfəsini kəsdiniz. Aman verin adamlar dərdlərinin çarəsinə baxsınlar. 

Ölkədə vəziyyət ağırdır - cəbhədə müharibə, bir yandan virusla mübarizə, üstəlik, inqilabi islahatlar. Heç olmasa, indiki vəziyyətdə azacıq sayğılı olun, özünüzü gözdən-könüldən salınca, hakimiyyət davasını təxirə salın. Axı Azərbaycan hamımızın vətənidir. Niyə istəyirsiniz xarabaya çevrilsin? Niyə yardım etməyək bir-birimizə? Heç olmasa, adamların seçiminə hörmət etməyi öyrənin. 

Bezdirmisiniz şairləri, yazıçıları, alimləri. Əl çəkin axı. Rafiq Əliyevdən Ramiz Rövşənə qədər, Vaqif Bayatlıdan Musa Yaqubacan hamı dad edir əlinizdən. Niyə anlamırsınız ki, istedadsızsınız və buna görə də istedadlı adamlar sizi seçmir. Ola bilsin heç iqtidarı da seçmir, öz şəxsi baxışı olur. Amma əsas odur, sizi də seçmir. 

Mənə gəldikdə, ən dəhşətli dustaqlığa - İranda, poeziya günlərində həbsə düşmüşəm milli maraqlarımızdan çıxış etdiyim üçün, ölkə başçısı azad edib, boynumu kəndirdən çıxardıb, həyata qayıtmışam. Ən dəhşətli xəstəliyə yoluxmuşam, ölkə rəhbərliyi nəzarətə götürüb, sağalıb həyata qayıtmışam. Hər şey bir yana, ən sadə insani məntiqlə götürsək, mən niyə ölkə başçısına minnətdar olmamalı, əksinə, heç bir çətin gündə yanımda olmayan, kitaba, ədəbiyyata nifrət edən, üstəlik istedadsız adamların cameəsində qərar tutmalıyam? Bu nə naşükür, bu nə nadürüst məntiqdir? Reallıq hissini bu qədərmi itirmisiz? 

Hər şey bir yana, doğrudan, niyə şeir gecəsi keçirmirsiniz?

3