Mübariz Əhmədoğlu:“Putin ona görə baş verənləri həssas hesab edir ki, Rusiya Azərbaycanı itirmək istəmir”
Rusiya prezidenti Vladimir Putin qısa müddət ərzində iki dəfə Təhlükəsizlik Şurasının iclasını keçirdi və hər ikisində də ilk mövzu kimi Azərbaycan-Ermənistan sərhədindəki 4 günlük döyüşləri müzakirə etdi.
Təhlükəsizlik Şurasının iyulun24-də keçirilən iclasında Rusiya Prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti “Rusiya üçün çox həssas məsələ” adlandırıb: “Bir sıra MDB ölkələri ilə münasibətlərimiz və ən əsası, bizim üçün Ermənistan-Azərbaycan sərhədində vəziyyət çox həssasdır”.
Maraqlıdır, Putin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti “Rusiya üçün çox həssas” adlandırarkən nələri nəzərdə tutur və Rusiya prezidentinin məsələyə bu dərəcədə diqqəti yönəltməsi nə deməkdir?
“İndiki situasiyada Qarabağ ətrafında Rusiya ilə Türkiyə arasında gərginlik yaransa, bu, ölkəmizin ziyanına olar”
Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu buna bir neçə aspektdən yanaşdı:“İlk dəfə idi ki, Qarabağ ətrafında yaranan gərginlik Rusiya Təhlükəsizlik Şurasının iclasında müzakirə olunurdu. Özü də iki dəfə dalbadal. Maraqlıdır ki, sözügedən müzakirələrdə Rusiya aşkar şəkildə ermənipərəst mövqe bildirmir. Ancaq Rusiya açıq şəkildə Azərbaycana doğru da yaxınlaşa bilmir. Bununla yanaşı, Azərbaycan müdafiə naziri Zakir Həsənov Rusiya müdafiə naziri Şoyqu ilə danışdı. Şoyqu bildirdi ki, Rusiyanın Qara dənizdə və Şimali Qafqazda keçirdiyi hərbi təlimlərin Ermənistan-Azərbaycan sərhədində baş verənlərə qətiyyən dəxli yoxdur. Burda çox maraqlı və incə detal var. Yəni Rusiya açıq şəkildə arzulayırdı ki, Azərbaycan müəyyən mənada Ermənistanı əzsin. Söhbət nədən gedir? Söhbət Azərbaycanın vacib olmağından gedir. Bir çoxları bu fikirlərimi qəbul etmir. Ancaq nəzərə almaq lazımdır ki, döyüş gedən günlərdə “RİA-Novosti” agentliyi bizə güclü informasiya dəstəyi verdi. Bizim rəsmi məlumatları necə var, elə də işıqlandırdı. Hesab edirəm ki, bu çox vacib məsələdir. Rusiyanın belə mövqe sərgiləməsi Azərbaycanın vacib dövlət olması ilə bağlıdır. Bunun digər səbəbi Prezident İlham Əliyevin regional və beynəlxalq miqyasda vacib siyasi fiqur olması ilə bağlıdır. Bir sıra məsələlərdə Türkiyə ilə Rusiyanın maraqları toqquşur. Bəzi dairələr istədi ki, son hadisələr fonunda Rusiyaya qarşı Azərbaycanda cəbhə açılsın. İndiki situasiyada Qarabağ ətrafında Rusiya ilə Türkiyə arasında gərginlik yaransa, bu, Azərbaycanın ziyanına olar. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında dedi ki, ölkənin hərbi planları var və bunları tələsdirmək lazım deyil. Hesab edirəm ki, bu çox vacib məqam idi. Putin ona görə baş verənləri həssas hesab edir ki, Rusiya Azərbaycanı itirmək istəmir. Eləcə də Putin arzulayır ki, Türkiyə regiona girməsin. Ona görə məsələyə bu dərəcədə diqqət yetirilir. Düşünürəm ki, bizim ölkə rəhbərliyi ilə Rusiya arasında yaxın dövrdə əlaqə yaranacaq və bütün məsələləri açıq şəkildə müzakirə edə bilərlər”.
Ekspertin fikrincə, Rusiya Azərbaycanın roluna xüsusi önəm verir.