"Yoldaşım çox ailəcanlı idi, ölürdü bizim üçün. Bizim evimiz olsaydı, ayrılmazdıq. Evdə qayınana, baldızlar qalırdıq. Kənardan qohumlar da gəlib müdaxilə edirdilər. Elə bil ki, düşmən qızıyam. 18 yaşım var idi, uşaq idim. Dedim, gedək mənimlə, dedi olmaz".
Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Həyat, sevgi və göz yaşları" proqramında deyib. Mərhum həyat yoldaşı Orucdan danışan müğənni çətin günlər yaşadığını etiraf edib:
"O vaxt qayınana evində qalmağı kişilər özlərinə sığışdırmırdılar. Kirayədə qalmaq belə ayıb idi. Kaş düşərdim ayaqlarına, deyərdim, gəl mənimlə gedək. Üç-dörd il keçsəydi, bəlkə, barışardıq. Amma o, üç il sonra evləndi. Atam evinə də gedə bilmirdim, qoymurdular. Deyirdilər, ər evinə getmisənsə, orada qalmalısan. Deyə bilmirdim ki, acından, dərddən gəlirəm. Atam evindən soyuducudan uşaqlarım üçün ət oğurlayırdım. Bacım hər dəfə gəlirdi, məni danlayırdı ki, niyə oturmusan burada? Gəlirdi ki, gözüm partlayıb, ağzım nə boyda... Yoldaşımı qınamıram, hər şeyi halal etmişəm. Cavan idi, qulağını doldururdular. Heç kimə gücü çatmırdı, bütün hirsini mənə tökürdü”.