Azərbaycana qarşı hibrid müharibə: Planın arxasında kim var?

SİYASƏT
18:30 / 28.07.2020
1187

“Ukrayna xarici işlər nazirinin müavini Vasili Bondar ukraynalıların Azərbaycan-Ermənistan cəbhə xəttində döyüşlərdə iştirak üçün cəlb edilməsi haqda məlumatları təkzib edib. Cənab Bondar bunu hər iki ölkənin Kiyevdəki səfirləri ilə keçirdiyi görüşlərdə deyib".

Bu haqda politoloq Ərəstun Oruclu məlumat verib.

Ekspertin fikrincə, həmin saxta məlumatı da yayan Ukraynadakı Rusiya muzdluları olub:

“Saxta məlumatı bir qədər əvvəl Rusiyanın Şərqi Ukraynada yaratdığı və silahlandırdığı separatçı-terrorçu qondarma Luqansk Xalq Respublikasının “rəsmisi” Yakov Osadçiy yaymışdı. O, bildirmişdi ki, guya, həmin insanları Ukrayna Təhlükəsizlik Xidməti Azərbaycanın tərəfində döyüşmək üçün toplayır.

Əslində, axmaq və savadsız bir dezinformasiya olmasını və zamanında təkzib olunduğunu nəzərə alaraq, ona diqqət verməmək də olardı. Olardı, amma Serbiyanın Gürcüstan vasitəsilə Ermənistana silah satması və həmçinin İordaniyanın da eyni addımı atması haqda məlum iddialar olmasaydı.
Gördüyümüz kimi, bütün bu qalmaqallarda adı çəkilən 4 ölkənin hamısı Azərbaycanla yaxın və ya çox yaxın tərəfdaşlıq münasibətlərində olanlardır. Elə buradan qənaətə gəlmək olardı ki, bunların hamısı bizim tərəfdaşlarımızla münasibətlərimizi korlamağa yönəlmiş təxribatlardır”.

Ərəstun Oruclu qeyd edib ki, separatizmə, ərazi itkisinə məruz qalmış Serbiya, Gürcüstan, Ukrayna və Azərbaycanı eyni problem birləşdirir:

“Elə bu səbəbdən də bu ölkələrin istənilən biri ilə bağlı (xüsusilə də ərazi bütövlüyü məsələsində) beynəlxalq qurumlarda səsvermədə daim həmrəylik nümayiş etdirilir. Burdan belə qənaətə gəlmək olar ki, düşmənin məqsədi hansısa ciddi məsələdə səsvermə olacağı halda bizi tərəfdaşlarımızın dəstəyindən məhrum etməyə yönəlib. Bu isə çox şey ola bilər. Məsələn, Azərbaycan-Ermənistan sərhədinə sülhməramlı statusunda öz qoşunlarının yerləşdirilməsi.

Ermənistan sərhədlərinin onsuz da Rusiyanın nəzarətində olduğunu nəzərə alsaq, deməli hədəfdə olan Azərbaycanın dövlət sərhədləridir. Başqa sözlə, ölkənin suverenliyi. Odur ki, düşmənin məharətlə qurduğu məkrli tələlərə düşməyə tələsmək lazım deyil”.

Politoloq Ermənistanın Azərbaycana qarşı hibrid müharibə apardığını istisna etməyib:

“Son günlər barəsində çox danışdığımız hibrid müharibə doktrinasının mühüm elementlərindən biri də rəqibi müttəfiqlərinin dəstəyindən məhrum edərək, təkləməkdir. Xatırladım ki, Rusiya hərbiyyəsinin hibrid müharibə doktrinası 2014-cü ilin sonunda prezident Putin tərəfindən təsdiqlənib.

Almaniyanın “Araşdırmalar və Siyasət Fondunun” (Stiftung Wissenschaft und Politik) mütəxəssisləri isə hələ 2015-ci ildə iddia edirdilər ki, Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov tərəfindən hazırlanmış həmin doktrina artıq 2014-cü ilin əvvəllərində Ukraynada uğurla testdən keçirilib. Görünür, həmin doktrinanı çox detallı öyrənməliyik. Özü də tezliklə”.

0
Teleqraf.com