Azərbaycanda son 1 ay ərzində avronun məzənnəsində artım müşahidə olunur. Belə ki, avronun rəsmi məzənnəsi bu gün 1,9945 manat dəyərində açıqlanıb. Banklar tərəfindən avronun satış qiyməti isə dünəndən etibarən 2 manatı ötüb.
Bəs avronuhn bahalaşmasının əsas səbəbi nədir?
HİT.Az-ın xəbərinə görə, məsələ ilə bağlı “MediaPost”a açıqlama verən iqtisadçı ekpsert Natiq Cəfərli bildirib ki, Azərbaycanda valyuta siyasəti inzibati qaydada tənzimləndiyi üçün əsas hədəf USD/AZN məzənnəsi götürülüb:
“Hökumətin və Mərkəzi Bankın qərarı əsasında dolların məzənnəsi hazırda 1,70 manat səviyyəsində sabit saxlanılır. Manatın digər valyutalara nisbətən məzənnəsi məhz dollar-manat münasibətləri əsasında çarpaz məzənnə ilə hesablanır və dolların dünyada digər valyutalara nisbətən enməsi və qalxması ilə tənzimlənir.
Son bir həftə ərzində dolların məzənnəsi dünya birjalarında həm avro, həm də bir neçə digər əsas valyutalara qarşı dəyər itirib. Əsas səbəb isə ABŞ-da virusun qarşısının alınmasında müəyyən problemlərin olması, gündəlik yoluxma saylarının 50-60 min hədlərinə çatması, ABŞ iqtisadiyyatında ciddi daralmanın müşahidə olunmasıdır. Həmçinin bu, Federal Ehtiyat Sisteminin (FED) və ABŞ hökumətinin bilərəkdən apardığı bir siyasətdir. Çünki dolların ucuzlaşması ABŞ iqtisadiyyatına dəstək göstərir, ixracat potensialını artırır və ABŞ mallarının xaricə ixracını cəlbedici hala gətirir. Buna görə də, son zamanlar dollar avro nisbətində də kifayət qədər ciddi dəyişikliklər olub. Son məzənnələrə əsasən 1 avro 1,13 dollardan 1,17 dollara qədər bahalaşıb".
Ekspert bildirir ki, Azərbaycanda manat-dollar nisbəti dəyişmədiyi üçün bu, avronun məzənnəsində özünü göstərir. “Dolların avro qarşısında itirdiyi dəyər manat-avro məzənnəsi əsasında çarpaz məzənnə sistemi ilə hesablanaraq avronun üzərinə gəlinir. Dünəndən başlayaraq banklar tərəfindən avronun satış qiyməti 2 manatı ötüb. Hazırda orta satış məzənnəsi 2,05 manat təşkil edir”.
"Əgər Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunsaydı, dünya birjalarında dolların ucuzlaşması ölkəmizdə də dolların ucuzlaşmasına səbəb olacaqdı", -deyə ekspert vurğulayıb. O, həmçinin əlavə edib ki, bu zaman üzən məzənnə rejimində dollar da indiki səviyyədə olmayacaqdı: “Məsələn, Gürcüstanda biz bunu görürük. Son bir həftədə lari dollar qarşısında təqribən 2% güclənib, lakin avro qarşısında kifayət qədər dəyər itirib. Hazırda ölkəmizdə sabit məzənnə rejimi tətbiq olunduğu üçün dolların məzənnəsinə dəymirlər və çox güman ki, yaxın gələcəkdə də bu sabit məzənnə rejimi davam edəcək. Dolların avro qarşısında və digər valyutalar qarşısında dəyişən məzənnəsi digər valyutaların manata olan məzənnəsində öz əksini tapır, yəni çarpaz məzənnə rejimi ilə hesablanır. Hazırda manatın real məzənnəsi aşağı düşüb. Lakin dollarla bağlı bu baş vermir, çox güman ki, baş verməyəcək”.