Avropa ölkələrinin rəhbərliyi koronavirusun mümkün ikinci dalğasına hazırlaşır. Bu barədə "The Guardian" yazıb.
Məlumata görə, Kataloniyada son 2 sutkada 8 min yoluxma qeydə alınıb. Bunun fonunda rəsmi qurumlar sərt karantin tədbirlərini yenidən müzakirə edir. Eyni zamanda Almaniya, Fransa, Yunanıstan, Belçika kimi ölkələrdə də ikinci dalğanın həyəcan hökm sürür.
Əgər virusun ikinci dalğası gələrsə və ya payızda yenidən karantin rejimi tətbiq olunarsa, Azərbaycan iqtisadiyyatı buna dözə biləcəkmi?
İqtisadçı-ekspert Natiq Cəfərli açıqlamasında deyib ki, iqtisadiyyatı bundan çox mövcud vəziyyətdə saxlamaq olmaz:
“Avropada vəziyyət bir az fərqlidir. Orada ikinci dalğanın olmasından daha çox birinci sona çatmadığı üzərində düşünürlər. Çünki virusun tamamilə yayılması və insanlarda buna qarşı imunnitetin formalaşması sərt karantin rejimi ilə saxlanılmışdı. Sərt karantin rejimini əsas məqsədi virusu müalicə etmək deyil, səhiyyə sistemini buna hazırlamaq və insanları bilgiləndirməkdir. Əgər Avropa ölkələrində ikinci dalğa olacaqsa, həm əhali, həm də səhiyyə sahəsi bunu daha hazırlıqlı qarşılayacaq.
Azərbaycanda da eyni vəziyyətdir. Bizdə də 5 aydır ki, karantin rejimi davam edir. Bu dünyada rekord göstəricidir. Yəni karantin tədbirləri bizdə çox uzadıldı. Bu 5 ay ərzində virus da kifayət qədər geniş yayılıb. Test sayına baxdıqda, görürük ki, kifayət qədər çoxdur. 700 minə yaxın test tətbiq olunub ki, bu da kifayət qədər böyük rəqəmdir. Bu test sayı əhalinin 8.5 faizini təşkil edir. Virusa yoluxma halı isə testlərin say nisbətinə görə, o qədər də yüksək deyil. Digər ölkələrlə nisbətdə bizdə vəziyyət daha yaxşıdır. Ona görə də bizdə karantin tədbirlərinin yumşaldılmasına və iqtisadiyyatın açılmasına keçid baş verməlidir. Artıq bundan çox iqtisadiyyatı saxlamaq mümkün deyil. Hətta payızda belə yenidən virus dalğası gələrsə, karantin tədbirlərini indiki formada tətbiq etmək doğru deyil”.
Ekspert qeyd edib ki, ikinci dalğa olarsa, hazırkı total karantin rejimindənsə, hədəfə və konkret risk qruplarına yönəlik qəti addımlar atılmalıdır:
“Artıq dünya da öyrəndi ki, karantin tədbirləri hədəfə yönəlik olmalıdır. Yəni xüsusi risk qruplarına və yaşlılara yönəlik olmalıdır. Artıq dünyada insanların davranış qaydaları da dəyişib. Azərbaycanda da insanlar virusdan qorunmağın yollarını yavaş-yavaş tapırlar. Yəni kifayət qədər bilgiləndirmə var. Payız aylarında növbəti sərt karantin rejimi tətbiq olunarsa, Azərbaycan iqtisadiyyatı buna dözməyəcək. Çünki insanların maddi resursları tükənib, alıcılıq qabiliyyətləri aşağı düşüb, iqtisadiyyatda ciddi durğunluq, böhran var. Eyni zamanda psixoloji olaraq əhali də bunu qaldıracaq gücdə deyil. Ona görə də ikinci dalğa olarsa, hazırkı total karantin rejimindənsə, hədəfə və konkret risk qruplarına yönəlik qəti addımlar atılmalıdır. Buna hazırlaşmaq lazımdır. Yəni iqtisadiyyatı tamamilə qapatmaqdansa, risk qruplarını qorumaq daha məqsədəuyğun olar”
Natiq Cəfərli iqtisadiyyatın sıradan çıxacağı təqdirdə gözlənilən ilkin fəsadlardan da danışıb:
“Əgər ikinci dalğa gələrsə, indiki kimi sərt karantin rejimi tətbiq olunarsa, iqtisadiyyat sıradan çıxacaq. Bu zaman bir neçə ilkin fəsadla üzləşəcəyik. Birinci problem manatın məzənnəsi ilə bağlı olacaq. Yəni devolvasiya riski daha da artacaq. Zatən ölkə devalvasiyaya hamilədir. Sadəcə, bunun doğru zamanda edilməsi məsələsi qalıb. Çox güman ki, hökumət ilin sonunadək bununla bağlı addımlar atacaq. İkinci və ən böyük problem işsizliklə bağlı olacaq. Artıq yüz minlərlə işsiz insanlar var və bunların sayı artır. Alıcılıq qabiliyyəti aşağı düşüb. İnsanların real gəlirləri yoxdursa, istehlak vərdişləri də dəyişir. İstehlak üçün yönələn vəsaitin də azalması müşahidə olunacaq. Bu da iqtisadiyyatın daralmasında böyük rol oynayır. Əsasən də xidmət sahəsindəki böyük, orta və kiçik müəssisələrin bağlanmasının şahidi ola bilərik. Orta sinfin yox olması təhlükəsi var. Bu da iqtisadi və sosial, hətta siyasi problemdir və ölkənin gələcəyinə ciddi təhdidlər yarada bilər”.