Yaddaş zəifliyinin əsas səbəbləri nələrdir? - Həkim danışdı

SAĞLAMLIQ
10:15 / 15.05.2024
696

"Son zamanlarda yaddaş zəifliyi müşahidə olunan insanların sayında artım var". 

Bu sözləri tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, yaddaş zəifliyi yaşayan insanlar birinci növbədə həkimə müraciət etməlidirlər:

"Həkim yaddaş zəifliyinə nəyin təsir etdiyini müəyyənləşdirməlidir. Unutmayın ki, həkim onun yüngül və ya ağır pozulma olduğunu müəyyənləşdirərək, aradan qaldırılmasına kömək edir. Bəzən də nevrotik hallar buna təsir edir. Lakin təəssüflər olsun ki, vətəndaşlar əsəb sistemlərində problem olub-olmadığını dəqiqləşdirə bilmirlər. 

Nəzərə almaq lazımdır ki, əsəb sistemində nevrotik formada problemlər olanda ilk növbədə insanın yaddaşı itir. Yaddaşı gücləndirmək üçün dərman qəbul etdikdə isə nevrotik halları daha da pisləşir. Ona görə də həkim xəstəliyi müəyyən etməli və ona qarşı konkret tədbirlər görməlidir".

350283

Həkim qeyd edib ki, xəstənin yuxu rejimi mütləq şəkildə normal olmalıdır:

"Xəstə ən azı gecə saat 00:00-05:00 arasında yatmış olmalıdır ki, tam olaraq yuxusu almış olsun. Bununla da bədəni melatolin deyilən maddəni kifayət qədər qəbul etməli və yorğunluğu çıxmalıdır. Yalnız ondan sonra insan özünü rahat hiss edir və beyin hüceyrələri tam olaraq enerji ilə təmin olunur. 

Ondan sonra yaddaş zəifliyinə qarşı həkimin verdiyi dərmanların da effekti olar. Amma yaddaş zəifliyi yaşayan şəxs gecə kifayət qədər yatmasa, qəbul etdiyi dərmanların da effekti olmayacaq".

Rasif Bağırov yaddaş zəifliyinin yaranmasının digər səbəblərindən də bəhs edib:

"Gün ərzində zehni və fiziki işlə həddindən artıq çox məşğul olmaq da yaddaş zəifliyinə səbəb ola bilir. Bundan başqa, qanın tərkibində olan müxtəlif maddələr beyin damarlarının tıxanmasına səbəb olur. Həmçinin, bəzi xəstəliklər də beyinə təsir etdiyi üçün yaddaş pozuntusu meydana gəlir". 

Pərviz

0