Təzyiqin qalxmasını əngəlləmək üçün nələrə diqqət etməliyik? - Mütəxəssis AÇIQLADI

SAĞLAMLIQ
14:44 / 27.05.2024
655

"Stabil qidalanma rejimini pozan, xüsusilə həddindən artıq yemək yeyən və axşam saatlarında kalorili qidalar qəbul edən insanlarda hər zaman təzyiq problemi olur". 

Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bəzi qidalar təzyiqi tez bir zamanda yüksəldir:

"Həddindən artıq duzlu yeməklər və ya yeməklərə sonradan əlavə edilən duzlar təzyiqin qalxmasına səbəb olur. Həmçinin, sağlam həyat tərzi keçirməyən və daha az fiziki aktivliyi olan və oturaq həyat tərzi keçirən insanlarda təzyiq problemləri ortaya çıxır. 

Davamlı olaraq stressə məruz qalmaq və stressi doğru şəkildə idarə etməyən xəstəliklər də təzyiqin qalxmasına səbəb olur. Ona görə də təzyiqi normada saxlamaq üçün sağlam həyat tərzi, fiziki aktivlik və düzgün yuxu rejimi çox önəmlidir".

Ekspert qeyd edib ki, həddindən artıq qızardılmış, çox kalori və yağlı qidalar, habelə xəmir yeməklərindən uzaq durmaq lazımdır:

"Bundan başqa, çay və kofeni günün birinci yarısında içmək daha faydalıdır. Həmçinin, çay və kofeni şirniyyatla qəbul etməmək tövsiyə olunur. 

Bir çox hallarda keyfiyyətsiz yağlardan və marqarindən hazırlanan qidalardan istifadə edirlər. Onlar da paketlənmiş qidalarda və şirniyyatlarda olur. Bunlar da təzyiqin qalxmasına gətirib çıxarır. Sözügedən qidalardan da uzaq durmaq tövsiyə olunur".

351262

Mütəxəssis onu da əlavə edib ki, təzyiqin tez-tez dəyişməsi orqanizmdə ciddi fəsadlara səbəb ola bilər:

"Hətta qan dövranı və ürək-damar xəstəliklərinə yol açma ehtimalı var. Eyni zamanda, üzüm, əncir və banan kimi şirin meyvələrdən də çox miqdarda da qəbul etməmək məsləhət görülür. Qəbul edəcəklərsə, bunu günün birinci yarısında etsinlər ki, enerjiyə çevrilsin. 

Onu da nəzərə almaq lazımdır ki, axşam saatlarında istehlak edilən bəzi qidalar da təzyiqi qaldırır. O zaman qəbul edilən təzyiq dərmanları belə orqanizmə təsir etmir. Əksinə, yan təsirlər olaraq allergik reaksiyalara, mədədə ağırlığa və şişkinliyə gətirib çıxarır".

Məhsəti Hüseynova vurğulayıb ki, turşular da təzyiqin qalxmasına səbəb ola bilər:

"Bütün turşulara fikir vermək lazımdır. Çünki turşularda həddindən artıq çox duzdan istifadə olunur. Bu da orqanizmə müəyyən zərərlər verə bilər. Ona görə də turşulardan uzaq durmaq tövsiyə olunur. 

Adətən yüksək təzyiqi olan insanlar dərhal limonlu sudan, eləcə də kəklikotu və ya itburnu çayından istifadə olunur. Lakin yaxşı olar ki, ümumiyyətlə təzyiqin qalxmamasına diqqət etsinlər. Çünki bunu davamlı şəkildə etmək mədədə şirənin və turşuluğun səviyyəsinin dəyişməsinə səbəb olur. Bu da gələcəkdə həzm problemləri ilə nəticələnə bilər". 

Pərviz

0