Bu gün ölkədə çoxlu sayda loqoped mərkəzləri fəaliyyət göstərir.
Adətən loqopedə nitqi geriliyən, danışığında qüsur olan uşaqlar üçün müraciət edilir.
Lakin müşahidələr göstərir ki, logopedlər heç də işlərinin peşəkarı deyil, bu səbəbdən də həmin uşaqların nitqi düzəlmək əvəzinə daha da pisləşir.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, uşaq hər hansı səsi düzgün tələffüz etmirsə, artıq 3-5 yaşından loqopedə müraciət etmək lazımdır:
“3 yaş yarımlıq uşaq bütün səsləri düzgün tələffüz etməlidir, təkcə "r" səsini 4,5 yaş, 5 yaşa qədər səhv tələffüz edə bilər. Lakin təkcə səslərin düzgün tələffüz edilməsi azdır, 3 yaşlı uşaq öz fikrini tam rahat, düzgün, qrammatik cümlə ilə ifadə etməlidir. Ən böyük problem də elə bundadır. İndi ailələrdə ana dilindən əlavə, rus dili, türk dilindən də istifadə edirlər. Hətta 2-3 yaşından uşağa ingilis dili öyrətmək dəb halını alıb. Ana dilində nitq tam formalaşmayıbsa, öz fikrini ifadə edə bilmirsə, ikinci dilin yüklənməsi nitq qüsuru üçün bazadır”.
Həmsöhbətimiz bildirib ki, bu gün ölkədə loqopedlərin sayı normadan çoxdur:
“Kurs bitirib, sertifikat alır, uşaqlarla məşğul olurlar. Çoxunun bu ixtisasın spesifikasından belə xəbəri yoxdur. Uşaqlarla adicə düzgün ünsiyyəti bacarmırlar, problemə yanaşmanı bilmirlər. Ən böyük dərd isə həmin “loqopedlər”in sonradan təlim keçib kimlərəsə də sertifikat vermələridir. Övladını loqopedə qoyan valideyn uşaqda bir, iki, üç aya heç bir irəliləyiş hiss etmirsə, o narahat olmalıdır. Loqopedin qeyri-peşəkarlığından şübhələnməlidir. Əgər mütəxəssisdirsə, metodik yanaşması olmalıdır. Valideyn bilməlidir ki, loqoped, psixopedaqoq kubik, pazl yığmır. Loqoped danışıq aparatı üzvlərini fəallaşdırır, səs qoyur, masaj edir. Loqoped qoyduğu səsi hecada, sözdə, cümlədə, mətndə möhkəmləndirir. Əfsuslar olsun ki, bəzi “loqopedlər” mərhələləri belə bilmir. Nəticədə kəkələyən uşaqların sayı artır”.
Sevinc