Çərəz qəbul edərkən nələrə diqqət etməliyik? - Mütəxəssis rəyi

SAĞLAMLIQ
10:23 / 01.07.2024
536

"Çərəzlər vitaminlərlə, minerallarla, doymamış yağlarla və orqanizm üçün vacib olan bir çox mikroelementlərlə zəngin tərkibə malikdir".

Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova Hit.az-a açıqlamasında söyləyib. 

O bildirib ki, bütün yaşlarda çərəzlərdən istifadə etmək olar:

"Lakin çərəzlərin faydalarından yararlanmaq üçün gün ərzində bir ovucdan artıq yeməmək tövsiyə olunur. Günün birinci yarısı və günorta saatları istehlak edilən çərəzlər insanın enerjili olmağına kömək edir. Lakin axşam saatlarında çərəz qəbul etdikdən sonra hərəkətsiz qalmaq artıq kalori almağa gətirib çıxarır. 

353142

Axşam saatlarında qəbul olunan çərəzlər orqanizmdə enerjiyə çevrilmədiyi üçün artıq çəkiyə səbəb olur. Nəzərə almaq lazımdır ki, yaşı 30-dan yuxarı olan şəxslərdə maddələr mübadiləsinin sürəti azalır. Ona görə də axşam saatlarında kalorili və çətin həzm olunan qidaları yeməmək məsləhət görülür. Hansı ki, çərəzlər də bu sıraya aiddir". 

Mütəxəssis onu da qeyd edib ki, çərəzləri düzgün şəkildə saxlamaq lazımdır:

"Yaxşı qabın içərisində quru və sərin yerdə saxlanılmalıdır. Üstəlik, çərəzləri eyni qabda saxlamaq olmaz. Onların hər birini ayrı şəkildə saxlamaq lazımdır. Çünki çərəzlər düzgün şəraitdə saxlamılmadıqda onlarda mikroorqanizmlər inkişaf edir. 

Məsələn, bu, daha çox kişmiş və qozun birlikdə saxlanılması zamanı baş verir. Nəticədə, sözügedən çərəzlərin tərkibində dəyişikliklər olur. Bu da məhsulların xarab olmasına səbəb olur".

Pərviz

0