Cəmiyyətin həkim qorxusu...

SAĞLAMLIQ
20:43 / 01.07.2024
228

Cəmiyyətimizin ən böyük problemlərindən biri də həkim qorxusudur. 

Hit.az bildirir ki, vətəndaşların çox böyük əksəriyyəti xəstələnəndə və ya ağrı hiss edəndə həkimə müraciət etmirlər.

Onlar, ev şəraitində sağalmağa çalışırlar. Ən yaxşı halda aptekə müraciət edərək xəstəliklərinə uyğun olaraq dərmanlar alırlar. Lakin həkimə getməyi düşünmürlər. Ümumiyyətlə, azərbaycanlıların böyük əksəriyyətinin səhhəti çox ağır vəziyyətdə olanda həkimə müraciət edirlər. Nə qədər acı da olsa, əfsuslar olsun ki, bunun reallıq olduğunu deməliyik. 

Çox zaman həkimlər də müraciət edən xəstələrin zamanında gəlməməsindən gileylənirlər. Nəticədə, xəstəlik daha çox yayılmış olur. Hərçənd ki, zamanında müraciət olunsa həm daha qısa müddətə, həm də daha az xərclə xəstəliyin öhdəsindən gəlmək mümkündür. 

Düzdür, bacarıqsız həkimlərlə də qarşılaşırıq. Həkim səhvi nəticəsində dünyasını dəyişən insanlar da olur. Lakin onların böyük bir hissəsi cəzalandırılır və ya həkimlikdən məhrum edilirlər. Bəzi pis örnəklərə görə ümumi olaraq Azərbaycan səhiyyəsi və həkimlərinin fəaliyyətinə də kölgə salmaq doğru deyil. Nəticədə, hər gün onminlərlə insanın həyatını xilas edən, onların xəstəliklərini sağaldan da elə bizim həkimlərimizdir. 

Yəni yaxşı və peşəkar həkimlərimizin sayı kifayət qədərdir. Üstəlik, ölkəmizə hər keçən gün daha müasir tibbi avadanlıqlar gətirilir. Onlarla da xəstəliklərin müalicəsi daha tez və asan başa gəlir. Ona görə də həkimə getməkdən qorxmaq lazım deyil. 

Unutmayın, həkim qorxusu ilk növbədə özünüzə ziyandır. Bu qorxuya və zamanında müdaxilə olunmadığına görə həyatınızı itirə bilərsiniz. Amma həkimə gedərək ömrünüzü uzada və sevdiklərinizlə xoş illər keçirməyə davam edə bilərsiniz. 

Pərviz

0