"İstər yay aylarında, istərsə də ilin digər fəsillərində orqanizmin maye balansını təmin etmək üçün birinci növbədə gün ərzində lazım olan miqdarda su içilməlidir".
Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, maye balansını yalnız su, ayran və bitki dəmləmələri əvəzləyə bilər:
"Həmçinin, gün ərzində istehlak etdiyimiz meyvə-tərəvəzlərin tərkibindəki su miqdarı da orqanizmin lazım olan maye tələbatını ödəyir. Hər kiloqram bədən çəkisinə görə 30 ML ilə hesablayaraq gündəlik su miqdarını təyin etmək lazımdır.
Yay aylarında havanın temperaturu yüksək olduğuna görə susuzluğu yatırmaq və sərinləmək üçün müxtəlif sular içirik. Buraya qazlı, rəngli, şirəli içkilər daxildir".
Mütəxəssis qeyd edib ki, paketlənmiş qazlı, rəngli, şirin içkilər isə tərkibində həddindən artıq çox şəkərdən və dadlandırıcılardan istifadə olunduğuna görə orqanizmə ziyan verir:
"Üstəlik, onlarda kimyəvi maddələrdən istifadə olunduğuna görə orqanizmə bir çox zərərləri var. Sözügedən içkilərdə kimyəvi maddələrin həddindən artıq istifadə olunması mərkəzi beyin sisteminin pozulmasına gətirib çıxarır. Qazlı, rəngli içkilərdən çox istifadə edən insanlarda aqressivlik, yorğunluq və şəkərdən asılılıq yaranır. Asılılıq yarandığı üçün yenidən həmin içkiləri qəbul etmək istəyirlər".
Ekspertin sözlərinə görə, orqanizmə həddindən artıq miqdarda qəbul olunan şəkər qanda şəkər səviyyəsinin sürətlə qalxmasına səbəb olur:
"İnsan gün ərzində aclıq hiss edir, insulin səviyyəsi dəyişir. Bu isə şəkərli diabet riskini yüksəldir. Tərkibindəki digər kimyəvi qatqıların və yüksək şəkərin olması diş minasını zədələyir və çürüməsinə səbəb olur.
Ümumiyyətlə, sağlamlığımıza diqqət etmək üçün adi sudan daha çox istifadə etməliyik. Bundan başqa, hər kəs üçün faydalı ola biləcək dəmləmələrdən istifadə edə bilərik. Bunları nanə, limon, zəncəfil, az miqdarda bal və doşabla dadlandırıla bilərik. Sözügedən dəmləmələrdən gündəlik olaraq istifadə etmək mümkündür".
Pərviz