"Bəzi insanların işi kompüterlə bağlı olur. Lakin uzun müddət kompüterin şüasına məruz qalmaq insana mənfi təsir göstərir".
Bu sözləri tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında deyib.
O, kompüterdən çox istifadə edən insanların qarşılaşa biləcəyi problemlərdən bəhs edib:
"Həmin insanlar görmə ilə bağlı müəyyən problemlərlə qarşılaşa bilirlər. Həmçinin, kompüterin şüası birbaşa mərkəzi sinir sisteminə təsir göstərir. Başda müxtəlif ağrılar, başgicəllənməsi və digər narahatçılıq yarana bilər. Ona görə də kompüterlə işləyən insanlar şüalardan qorunmağa məcburdur".
Həkim kompüterin şüasından qorunmaq üçün nələr etməli olduğumuzu da söyləyib:
"Kompüterdən çox istifadə edən insanlar onun şüasından qorunmaq üçün xüsusi eynəkləri taxmalıdırlar. Həmçinin, kompüterin ekrarının üzərinə çəkilən xüsusi şüşə də var.
Bundan başqa, iş vaxtı kompüterdən istifadəyə müəyyən fasilələr də vermək lazımdır. Gözlər dincəlməli və öz enerjilərini bərpa etməlidir ki, həmin şüaların təsirinə müqavimət göstərmək qabiliyyətləri olsun".
Pərviz