Xəstəxanalar elektron reseptdən niyə istifadə etmirlər? - VİDEO

SAĞLAMLIQ
16:41 / 03.08.2024
369

Elektron resept sisteminin tətbiqi ilə vətəndaşların tibbi məlumatlara əlçatanlığının artırılması, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsinə və dərman dövriyyəsinə nəzarətin gücləndirilməsi nəzərdə tutulmuşdu. May ayından elektron reseptə tam keçid təmin edilib, lakin hələ də vətəndaşlar bu sistemdən xəbərsizdirlər.

Xezerxeber.az-ın məlumatına görə, bu sistem təyin edilən dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa və dəqiq dozaları göstərməyə imkan verəcəkdi. Lakin əczaçılar bildirirlər ki, bu 3 ay ərzində elektron reseptlə heç bir müraciət olmayıb.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, onların tabeliyindəki bütün tibb müəssisələrində reseptlər pasiyentlərə yalnız elektron formada təqdim edilir. Digər səhiyyə qurumları və tibb müəssisələrinə isə "Elektron Resept" sistemindən istifadənin vacibliyi və bu sistemə keçidin təmin edilməsi ilə bağlı sirkulyar məktublar göndərilib. 

Həkimlər "Elektron Resept" yazmaqdan, apteklər isə dərman vasitələrini "Elektron Resept" əsasında buraxmaqdan imtina etdikləri təqdirdə, vətəndaşlar Səhiyyənin İnformasiyalaşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən "Qaynar Xətt" nömrələri (012) 431 38 28 (055) 531 38 28 ilə əlaqə saxlaya bilərlər.

0