Avqustun 1-dən 7-dək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi keçirilir. Xatırladaq ki, həftənin təsis edilməsi 1990-cı ildə ÜST və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən ana südü ilə qidalanmanın qorunması, təşviqi və dəstəklənməsinə yönəlmiş İnnoçeti Bəyannaməsinin qəbul edilməsi ilə əlaqədardır.
Ümumdünya Ana Südü Həftəsinin qeyd edilməsində məqsəd qadınları ana südü ilə qidalandırmanın sağlamlıq faydaları haqqında məlumatlandırmaqdır. ÜST körpələrin altı ay müddətində ana südü ilə qidalanmasını, həmin müddətdən sonra isə onu lazımi qidalarla birlikdə davam etməyi tövsiyə edir. Bununla yanaşı, mütəxəssislər körpəni dünyaya gəldiyi ilk saat ərzində ana südü ilə qidalanmasına başlamağın vacibliyini də qeyd edirlər.
Mütəxəssislər həm də qeyd edir ki, genefonda təsir edən ciddi amillərdən biri körpələrin ana südü ilə deyil, süni qidalar ilə qidalanmasıdır. Əvvəllər uşaqları hətta 2-3 yaşına çatdıqda belə ana südü ilə qidalandırırdılar. Bu gün dünyaya göz açan körpələrə ana südü əvəzinə süni qidalar vermək sanki bir dəbə çevrilib. Əlbəttə ki, tərkibindən və qiymətindən asılı olmayaraq, heç bir süni qida ana südünü əvəz edə bilməz. Ana südü ilə qidalanan uşaqlar həm fiziki, həm də intellektual baxımdan süni qidalanan uşaqlardan üstün olurlar. Təsadüfi deyil ki, bu gün Qərbin tibb alimləri uşağın əqli inkişafı üçün ən zəruri olan dərmanı ana südü sayırlar. Genefondun təhlükəyə məruz qalmasının qarşısında sipər ola biləcək ən əsas amillərdən biri də məhz millətin intellektual səviyyəsinin yüksək olmasıdır.
Statistikaya görə ölkəmizdə yenidoğulanların 82,9 faizi (hər min nəfərə) ana südü ilə qidalanır. Onlardan 3 ayına qədər yalnız ana südü ilə qidalananlar 58,2 faiz təşkil edir. 6 ayına qədər ana südü qəbul edən körpələr 68 faizdir. Onlardan yalnız ana südü ilə qidalananlar isə 39,2 faiz təşkil edir. 12 ayına qədər ana südü ilə qidalananlar 46,4 faiz, 1,5 yaşına qədər ana südü ilə qidalananlar 16,9 faiz, 2 yaşa qədər ana südü ilə qidalananlar 8,7 faizdir. Bu, olduqca təhlükəli rəqəmdir.
Qeyd edək ki, ana südü ilə qidalanan yenidoğulan körpələrin sayı (hər min nəfərə) 2010-cu ildə 77.9 faiz, 2011-ci ildə 74.5 faiz, 2012-ci ildə 83.5 faiz, 2013-cü ildə 86.5 faiz, 2014-cü ildə 93. 2 faiz, 2015-ci ildə 90.3 faiz, 2016-cı ildə 95.2 faiz, 2017-ci ilə 89.7 faiz, 2018-ci ildə 82.8 faiz, 2019-cu ildə 82.9 faiz təşkil edib.
UNICEF-in məlumatına görə, ana südü ilə qidalanmayan uşaqlarda ölüm nisbəti qidalananlara nisbətən 4-6 dəfə çoxdur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, qida çatışmazlığı 5 yaşa qədər uşaq ölümlərinin 7 faizinə səbəb olur və bunun təxminən yarısının əsas səbəbidir. ÜST bildirir ki, əmizdirən qadınların nisbəti yüksək olarsa, ana südü hər il 800 000-dən çox insan həyatını xilas edəcək.
Körpə ilk 6 ayda yalnız ana südü ilə (susuz) qidalanmalı, 6 aydan sonra əlavə qidalara keçsələr belə, ən azı 2 yaşa qədər və daha sonra ana südü ilə qidalanmalıdırlar. Ana südü ilə qidalanan körpələrdə allergik xəstəliklər, 1 və 2 tip diabet, iltihablı bağırsaq xəstəlikləri, hipertoniya, xərçəng, allergiya, astma, piylənmə, dağınıq skleroz, diş quruluşunun pozğunluqları və bəzi psixi xəstəliklər daha az rast gəlinir. Ana südü ilə qidalananların təhsildə uğur qazandıqları da məlumdur. Üstəlik, əmizdirmə təkcə körpəyə deyil, həm də anaya, ölkə və ailə iqtisadiyyatına, ətraf mühitə öz töhfəsini verir.
Yalnız aşağıdakı səbəblərə görə ana övladına süd verə bilməz:
- Anada HİV infeksiyası (QİÇS) varsa;
- Müalicə edilməmiş bruselyoz (müvəqqəti) varsa;
- Aktiv vərəm (müvəqqəti) varsa;
- Gilə ucu herpes səpkiləri olan analar (müvəqqəti);
- Diaqnostika və ya müalicə məqsədilə radyoizotoplara məruz qalan analar (müvəqqəti);
- Onkoloji müalicə (sitostatiklər) alan analar (müvəqqəti);
- SMV seropozitiv anaların 1500 qramdan az və ya 32 həftədən tez doğulan uşaqlar;
- H1N1 infeksiyası keçirən analar qızdırma düşənə qədər (müvəqqəti);
- Süd vəzi absesi olan ana (müvəqqəti);
- Şizofreniyalı ana (övladına zərər verə bilər).
Bəs qeyd olunan heç bir neqativ hal olmadığı təqdirdə körpəyə nə üçün süni qida verilməlidir?
Tanınmış pediatrlar qeyd edir ki, doğum evləri süni uşaq qidaları satan şirkətlərlə birgə işbazlıq edərək analara bu qidaları təklif edirlər. Belə ki, doğulan uşaqlar iki gün anadan kənar saxlanılır, süni qidaya öyrədilir, sonra isə körpə ana südünü qəbul etmir. Doğum evindən evə gələn körpəni müayinə edən bəzi pediatrlar anaya həmin süni uşaq qidalarını məsləhət görürlər. Çünki dərman firmaları kimi həmin şirkətlərlə də müqaviləsi var, gəlirini bu yolla qazanır.
Qeyd edək ki, xüsusi reseptlə hazırlanan qidalarin demək olar ki, hamısı xarici ölkələrdən, o cümlədən Almaniyada, Polşadan, Hollandiyadan və yaxud Rusiyadan gətirilir. Halbuki adları qeyd olunan ölkələrin əksəriyyətində, xüsusən də Almaniyada anaların əksəriyyəti körpələrini ana südü ilə qidalandırır. Beləliklə, ana südü ilə qidalanma Almaniyada 80 faizə çatır.
Onu da əlavə edək ki, son vaxtlar süni qidaların qiymətlərində bahalaşma müşahidə olunur. Məsələn, 0-6 aylıq körpələr üçün 800 qramlıq “Kabrita Gold-1" süni uşaq qidasının qiyməti 98 manatdan 120 manata qalxıb. Bu süni uşaq qidası 5 - 6 aylıq uşağın 1 həftə qidalanmasına ancaq çatır.
Sonda xatırladaq ki, Amerika Birləşmiş Ştatları başda olmaqla dünyanın 20-dən çox ölkəsində ana südü bankı fəaliyyət göstərir. Ana südü bankları yeni doğulmuş körpələri südlə təmin edir. Bu yeni anadan olmuşlarda əmizdirmə zamanı problem yarandığı təqdirdə baş verir, bankların vasitəçılıyi ilə körpə özünə yeni süd anası tapır. Bu proses körpənin valideynlərinin istəyi və nəzarəti altında həyata keçirilir.
İlk ana südü bankı ABŞ-da 1985-ci ildə yaradılıb. Bu bank qısa müddətdə həm ölkədə ana südünün əhəmiyyəti ilə bağlı təbliğat kampaniyasına başlayıb, həm də qısa müddətdə donor süd anaları toğlamağa nail olub. Bir neçə ildən sonra dünyanı qorxuya salan AİDS xəstəliyinin yayılması təhlükəsi səbəbiylə bank fəaliyyətini dondurub, 90-cı illərdən yenidən körpələrin üzünü güldürüb. Bu gün xeyli vaxt keçib və artıq ABŞ-da 10-dan çox iri Ana südü Bankı fəaliyyətdədir. Bu ölkənin banklarının bir ildə ana südünə olan təlabatı 139 min 66 kq-la ölçülür. Kanadada 15-dən çox, Braziliyada isə hər doğum evində, ümumilikdə 180-dən çox bank körpələrə xidmət göstərir. Avropanın çox ölkəsində-İngiltərə, İsveç, Norveçdə də bu qəbildən banklar öz işini görür. İtaliyanın ana südü bankçılıq ənənəsi və təcrübəsi isə daha çox şöhrət tapıb. Burada bu sektor üçün xüsusi avadanlıq istehsal edən şirkətlər də mövcuddur.
Həmçinin qardaş Türkiyədə artıq bir neçə ildir ki, Ankaradakı mərkəzi doğum evlərindən birinin tərkibində bu vəzifəni daşıyan şöbə yaradılıb.
Mənbə: Musavat.com