Yayda payız havasının fəsadları

SAĞLAMLIQ
16:42 / 04.08.2024
325

Son illər yay fəslində tez-tez havaların qeyri-sabit keçdiyini müşahidə edirik. Yayın ortasında qəfildən leysan yağışları, havaların soyuması halları baş verir. Bu baxımdan bu il də istisna olmadı. İyulun son günlərində müşahidə olunan qeyri-sabit, yaya xas olmayan hava insanları təəccübləndirdi. 

Bəs bu cür havalarda necə davranmaq lazımdır? Səhhətimizi necə qorumalıyıq? Diqqət etməli olduğumuz məqamlar hansılardır?

Terapevt Fəxriyyə Əhmədova belə hava dəyişikliklərində xroniki xəstəlikləri olanları daha diqqətli olmağa çağırdı: “Revmatik xəstələr belə havaları daha pis keçirirlər. Onlarda oynaqlarda ağrılar, üşütmə, qızdırma, baş ağrısı, halsızlıq kimi hallar meydana gələ bilir. Ürək-damar xəstəlikləri olan şəxslərin də belə havalarda özlərini narahat hiss etmələri mümkündür. Vegetativ damar distansiyası, yəni sinir sistemində narahatçılığı olan xəstələr də havaların kəskin dəyişməsinə ciddi reaksiya verirlər. Şəkərli diabet xəstəliyi olan şəxslər də risk qrupuna daxildirlər”. 

Terapevt hesab edir ki, yayda soyuq havalar müvəqqəti olsa da, bəzi məqamlarda ehtiyatlı olmalıyıq: “Belə havalarda dərhal dərman qəbuluna qaçmaq lazım deyil. Ən azından, bir qədər gözləmək məqsədəuyğundur. Əsas da qan təzyiqinə nəzarət etmək lazımdır. Bu cür yağışlı, tutqun havalarda dərmanlara köklənməkdənsə geyimə, yuxu rejiminə fikir vermək tövsiyə edilir. Təzyiqə və şəkərə xüsusi nəzarət mütləqdir. Küləkli havalarda çalışmaq lazımdır ki, açıq havada çox olmayaq. Ürək-damar patologiyası olan insanlar qapalı yerlərdə daha çox zaman keçirməlidirlər. Bu havalar xüsusi xəstəlik yaratmasa da, xroniki halları kəskinləşdirə bilir. Soyuq havada dənizə getmək təhlükəlidir. Çalışmaq lazımdır bu havalarda dondurmadan, soyuq içkilərdən çox istifadə olunmasın. Xüsusilə də uşaqlara nəzarət gücləndirilməlidir”.  

Allerqoloq Şahvələd Məmmədovun sözlərinə görə, belə dəyişkən havalar bədənin temperatur tənzimləməsinə təsir göstərir: “İnsanlar havalar soyuyan kimi payız fəslinə aid paltarlara keçid edirlər. Bu da orqanizmin temperatur tənzimləməsinin pozulmasına gətirib çıxarır. Bir neçə gündən sonra yenidən havanın isinməsi orqanizmi yenidən dəyişikliyə məcbur edir. Bu da bir çox xroniki xəstələr üçün arzuolunmazdır. Belə havalar müəyyən geomaqnit qasırğaların yaranmasına və ağır ürək-damar, bronxial-ağciyər, xroniki şəkərli diabet, hipertoniya xəstələrinin ağırlaşmalarına gətirib çıxara bilər. Ona görə bu xəstələr belə havalarda daha diqqətli olmalıdırlar. İnsanlar belə dəyişkən havalara adaptasiya olunmalıdırlar. Yəni hava soyuyan kimi qış paltarları geyinmək də məsləhət deyil”. 

Tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirdi ki, hazırda havaların soyuması ilə əlaqədar müəyyən viruslar aktivdir: “Belə havalarda geyimimizə diqqət etmək lazımdır. İnsanlar yay geyimində soyuq havada olurlar. Bu zaman soyuqdəymə halları baş verir. Belə havalarda orqanizmin uyğunlaşma reaksiyaları dəyişdiyindən müəyyən virusların da fəallaşması müşahidə edilir. Bu gün ayrı-ayrı yerlərdə lokal epidemiyaların olmasını da müşahidə edirik. Hesab edirəm ki, yavaş-yavaş belə hava şəraiti dəyişikliklərinə uyğunlaşmalıyıq”.  

Psixoloq Gülnarə Muxtarovanın sözlərinə görə, iqlim dəyişikliyi insanlara psixoloji də təsir edir: “Son dönəmlərdə havaların dəyişkən, qeyri-sabit keçməsi, tez-tez yağışların yağması insanların planlarında dəyişiklik etmələrinə səbəb olur. Bu da birbaşa psixologiyaya təsir edir. Çünki əksəriyyət yay aylarında istirahət xəyalları qurur və tətil planlarını gerçəkləşdirmək istəyir. Hava şəraitinin gözlənilməyən şəkildə dəyişməsi, insanların gözləntilərinin qarşılanmaması aqressivlik, xəyal qırıqlığı yarada bilir. Təkrar işləməyə davam etmək tükənmişlik sindromu kimi psixoloji sindromların baş qaldırmasına, yaxud əgər varsa, daha da güclənməsinə imkan yaradır”. 

G.Muxtarova düşünür ki, insanlar hava şəraitindən asılı olmayaraq planlarını pozmamalıdırlar: “Belə hallarda insanlar havaların bir az daha yaxşılaşmasını gözləyirlər. Amma tövsiyə edərdim ki, hava şəraiti necə olursa-olsun planlaşdırdıqları istirahəti yubatmasınlar. Sadəcə, hava şəraitinə uyğun B planları da olsun. Alternativ plan qurmaq daha məqsədəuyğundur, nəinki mövcud planı ləğv etmək”. 

Psixoloq Günel Hacızadənin fikrincə, hava şəraitinin insanlara təsiri fərdidir: “Fəsillərin və hava şəraitinin dəyişməsi insanlara həm fiziki, həm də psixoloji cəhətdən ciddi təsir göstərir. Bəzi insanlara tutqun və buludlu hava pis təsir edərkən, bəzi insanlarda isti və günəşli hava mənfi təsirlər yaradır. Kəskin hava dəyişkənliyi isə əksər insanların motivasiyasına mənfi təsir göstərir. Xəyal etdiyi kimi dincələ bilməmək ruh düşkünlüyü, hətta depressiyaya səbəb ola bilər. İstirahət planı qurarkən, havanın dəyişkənliyini nəzərə almaq lazımdır”. 

Mənbə: "Kaspi" qəzeti

0