Qatıq bütün dünyada ən çox istehlak edilən süd məhsullarından biridir.
Üstəlik, qatığın bir çox faydası var. Bunun üçün onun tərkibinə baxmaq bəs edir. Belə ki, qatığın tərkibində C, B12 vitaminləri, omega-4 yağı, habelə kalsium, natrium və dəmir kimi elementlər mövcuddur.
Lakin bir çox dərdin dərmanı olan qatıq bizə zərər verə bilir. Bu isə onu xarab şəkildə istehlak etdiyimiz üçündür. Əfsuslar olsun ki, bəzi insanlar qatıq alanda onun köhnə olduğuna fikir vermirlər. Nəticədə, xoşagəlməz hallar baş verir.
Bəs qatıq alarkən nələrə diqqət etməliyik?
Qida məsələləri üzrə ekspert Ağa Salamov bununla bağlı Hit.az-a açıqlama verib. O bildirib ki, qatıq və ümumiyyətlə ağartı məhsulları alarkən qapağının şişməməsinə diqqət etmək lazımdır:
"Qapağın üzərinə barmaqla basaraq bunu yoxlaya bilərsiniz. Əgər qapaq şişibsə, deməli, qatıq qıcqırıb. Qıcqıran qatıq isə xarab olduğu üçün onu yemək olmaz.
Həmçinin, qatığın qapağını açanda üzərində kif görə bilərsiniz. Təəssüf ki, çox vaxt həmin kifi kəsib atırlar. Amma kifin zoğu qatığın içinə qədər nüfuz edir. Yəni bu, 10-11 santimetrə qədər çata bilir. Bu səbəbdən də onu yemək olmaz. Ümumiyyətlə, kiflənmiş qatığın hamısını atmaq lazımdır".
Pərviz