Çəmənlikdə bakteriyaya yoluxma riski var? - İnfeksionistdən AÇIQLAMA

14:11 / 29.08.2024
397

Bəzi insanlar yaz aylarında çəmənlikdə, meşədə və bənzər yerlərdə olmağı çox sevirlər. 

Çəmənliklərdə uzun müddət uzanan, kitab oxuyan, telefonla oynayan və dostları ilə söhbət edən insanlara rast gəlmək mümkündür. Lakin bu, bir çox insana yaxşı təsir etmir. Nəticədə, müəyyən xəstəliklərə yoluxurlar. 

Bəs həmin insanlar xüsusilə infeksiyalar və bakteriyalardan qorunmaq üçün nə etməlidirlər?Ümumiyyətlə, çəmənlikdən keçən infeksiyalar nə qədər təhlükəli olur? 

Mövzu ilə bağlı infeksionist Mərdan Əliyev Hit.az-a açıqlama verib. O bildirib ki, sağlam dəridən bakteriyal infeksiya yoluxmur:

357039

"Amma dəridə çat və yaxud da qaşınma izləri varsa, çəmənlikdəki mikroorqanizmlər zədələnmiş dəriyə daxil ola bilər. Nəticədə, dəridə infeksion xəstəlik əmələ gəlir. Nəzərə almaq lazımdır ki, çəmənlik və torpaq bakteriyalarla zəngin olur.

Lakin sağlam dəri olsa belə çəmənlikdə uzanan zaman dəri zədələnə bilər. Belə ki, çəmənlikdə olan iti uclu müəyyən çöplər dərini zədələyə bilir. Oradan isə bakteriyalar yoluxa bilər". 

Həkim qeyd edib ki, çəmənlikdə gənələr və parazitlər də olur:

"Onlar da dəriyə yapışa bilər. Bundan başqa, çəmənlikdə ayaqyalın gəzdikdə və ya uzandıqda göbələklərin dəriyə yoluxma ehtimalı var. Xüsusən də uzun müddət çəmənlikdə uzanan insanlar üçün bu risk mövcuddur". 

İnfeksionist bunun təhlükələri barədə də danışıb:

"Çəmənlikdə olan mikroorqanizmlərin çeşidi çox müxtəlifdir. Orada tam zərərsiz bakteriyalardan çox təhlükəli bakteriyalara qədər olur. Ona görə də insana yoluxan bakteriyanın növündən asılı olaraq xəstəliyin ağırlıq dərəcəsi dəyişir. Amma daha çox dəridə iltihabı infeksion xəstəliklərə rast gəlinir".

Pərviz

0