Bəzi insanlar niyə tənqidə meyillidirlər? - Psixoloq rəyi

SAĞLAMLIQ
14:20 / 09.09.2024
241

"Bəzi insanlar ətraflarında baş verən hadisələrdən məmnun qalmaqda çətinlik çəkir və tənqid etməyə meyilli olurlar". 

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

O, bunun müxtəlif səbəbləri ola biləcəyini bildirib:

"Depressiya, təşviş pozuntusu, özünəinamsızqlıq, uşaqlıq təcrübələri və daxili konfiliktlər əsas səbəblər sırasındadır. Bu insanlar hər şeyin mənfi tərəfini görməyə meyillidirlər. Üstəlik, bu, onların ümumi yanaşmalarına da təsir edir. Özlərini başqaları ilə müqayisə etdikdə isə dəyərsiz hiss edə bilirlər. Bu da onların başqalarına qarşı qıcıqlanmasına və həmişə narazı olmasına səbəb ola bilir".

357738

Psixoloq qeyd edib ki, belə şəxslər başqalarının onları qiymətləndirməyəcəyindən qorxur və buna görə də həmişə tənqidedici olurlar:

"Uşaqlıqda tənqidə məruz qalan və ya sevgisiz bir mühitdə böyüyən insanlar sonradan həyatda baş verən hər şeyi mənfi tərəfdən görməyə meyilli ola bilərlər. Onlar, bəzən öz daxili konfliktlərin belə ətrafdakı insanlara yönləndirirlər. Əgər insan öz daxilindəki problemləri həll edə bilmirsə, bu narazılıq və tənqidlə xarici dünyaya yönəlir. 

Yəni əslində onların problemləri ətrafla deyil, özləri ilədir. Eyni zamanda, onlar həyatdan və ya başqalarından çox yüksək gözləntilər içində olurlar. Gözləntilər qarşılanmadıqda isə təbii olaraq narazılıq və tənqid ortaya çıxır". 

Ülviyyə İlqar bir neçə tövsiyə də verib:

"Narazılıq çox zaman özümüzlə bağlı olan daxili problemlərin nəticəsidir. Hisslərinizi və düşüncələrinizi araşdırın və narazılığın əsl səbəbini müəyyənləşdirin. Hər zaman neqativ yönləri görmək əvəzinə, istənilən vəziyyətdə müsbət tərəfləri tapmağa çalışın. 

Başqaları ilə özünüzü müqayisə etmək narazılığa səbəb ola bilər. Həyatınızı öz standartlarınıza görə yaşayın və inkişafınıza fokuslanın. Əgər nə isə sizi narahat edirsə və onu dəyişmək mümkündürsə, bunu etməyə cəsarət edin".

Həmsöhbətimiz vurğulayıb ki, kiçik addımlarla da olsa, dəyişikliklər həyat keyfiyyətinizi artıracaq:

"Bu addımlar narazılıqların aradan qaldırılmasına və daha balanslı bir həyat tərzi qurmanıza kömək edə bilər. Düzdür, bəzən tək öhdəsindən gəlməkdə çətinlik çəkə bilərsiniz. Bu halda isə mütəxəssis dəstəyi almağınız tövsiyyə olunur".

Pərviz

0