"Balığın həddindən çox faydası var, onları saymaqla bitirmək olmaz".
Bu sözləri qida məsələləri üzrə ekspert Ağa Salamov Hit.az-a açıqlamasında deyib.
O, balığın əsas faydalarını diqqətə çatdırıb:
"Balığın gözə faydası var. Onun tərkibi əvəzolunmaz yağ turşusu Omega-3 və fosforla zəngindir. Yəni balığın insan orqanizminə inanılmaz dərəcədə faydaları var".
Mütəxəssis vurğulayıb ki, balığı il boyu yemək olar:
"Təzə balığı il boyu yemək mümkündür. Əgər təzə balıqdırsa, istənilən vaxt istehlak etmək olar. Bəzən balığı "r" hərfi aylarda yeməyin tövsiyə olunmadığı iddia olunur. Lakin əlbəttə ki, bu, absurd bir fikirdir. Sadəcə olaraq onun saxlanması, daşınması, düzgün və tam gigiyenik qaydalara uyğun olmalıdır".
Həmsöhbətimiz köhnə balığın zərərlərindən də danışıb:
"Xarab olmuş balığın tərkibində histamin çox olur. O isə balığın qarın hissəsində şişliyə gətirib çıxarır, habelə pulları tökülür. Həmçinin, belə balıqların gözündə də bir az bulanıqlıq, qulaqcıqlarında isə iylənmə hiss olunur. Bu kimi hallar olmayan balığı il boyu istehlak etmək olar".
Ekspert qeyd edib ki, 1 həftə ərzində 2 dəfə balıq yemək olar:
"Balığı 1 həftə ərzində 2 dəfə yeyə bilərsiniz. Lakin həftə ərzində bu sayı keçməmək tövsiyə olunur.
Balığın kürək hissəsində olan oliqamer zülalı da xüsusi vurğulamaq lazımdır. O, uşaqların boy artımı və gözləri üçün çox faydalıdır. Həmçinin, zehin fəaliyyəti artırır və immun sistemini gücləndirir".
Pərviz