Qızılcaya yoluxma hallarının müşahidə olunması ilə bağlı məlumat daxil olduğu halda, ümumi təhsil müəssisələrində müvafiq ixtisaslaşdırılmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir.
HİT.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, ənənəvi olaraq məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq, nəzarət gücləndirilir, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilir.
"Valideynlərə hər zaman məsləhət görülür ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil. Hər hansı bir xəstəliyə kütləvi yoluxma halı baş verdikdə tədrisin distant formaya keçirilməsi, eləcə də, məktəblilər arasında müvafiq xəstəliyə yoluxma ilə bağlı statistik məlumatı aidiyyəti qurum müəyyən edir", - deyə əlavə olunub.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ölkədə 2023-cü ilin dekabr ayından başlayaraq qızılca xəstəliyinin yayılmasının qarşısının alınması və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə hər hansı bir səbəbə görə qızılca peyvəndindən kənarda qalan, qızılca xəstəliyi keçirməyən 10 yaşa qədər və 11 - 40 yaş arası əhalinin qızılca əleyhinə vaksinasiyası həyata keçirilir.
"Bu müddət ərzində qızılca peyvəndindən kənarda qalan 48734 nəfər uşaq və böyük yaşlı əhali qızılca-parotit-məxmərək əleyhinə QPM vaksini və qızılca-məxmərək əleyhinə QM vaksini ilə peyvəndlənməyə cəlb olunub. Hazırda immunlaşdırma tədbirləri davam etdirilir", - deyə əlavə edilib.