Yüz dərdə çarə pərpətöyün

SAĞLAMLIQ
19:19 / 17.09.2024
265

“Avropaya XIX əsrdə gətirilən pərpətöyünün vətəni Hindistan, Argentina və Braziliya hesab edilir. Qədim Misirdə pərpətöyünün yarpaqları və gövdəsini yeməyə əlavə etməklə ondan şəfalı bitki kimi istifadə edirdilər. Qədim Yunanıstanda da bu bitki daha çox dərman bitkisi kimi tanınırdı. Həkimlərin atası Hipokratın əsərlərində də ondan bəhs edilir. Pərpətöyünlə ilan sancması, yuxusuzluq və müxtəlif yaraları müalicə edirlər. Böyük Plini digər bitkilər arasında məhz pərpətöyünü "istifadəyə məcbur" hesab etmişdi. Məşhur şərq təbibi İbn Sina da pərpətöyünü ən mühüm təbii dərmanlardan biri kimi qiymətləndirirdi”.

Bu fikirləri Hit.az-a fitoterapevt Yasəmən Əliyeva ssləndirib.

O bildirib ki, pərpətöyünün tərkibi A, B1, B2, K, PP vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülali maddələr, kalsium, kalium, maqnezium, manqanla zəngindir. 

“Toxumlarında  piyli yağlar, linol, palimitin, stearin kimi yağ turşuları mövcuddur. Pərpətöyün mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır. Yarpaqlarından zəhərli ilan və həşəratların sancması zamanı, qaraciyər və böyrək xəstəliklərində istifadə olunur. Xüsusilə sidik kisəsində olan iltihabi proseslərə qarşı təsir göstərir, sidikqovucu effekt verərək iltihabi məhsulların orqanizmdən xaric olmasını sürətləndirir. Tərkibindəki K vitamin sayəsində qankəsici təsir göstərir. Pərpətöyün mədəaltı vəzdən insulin hormonunun sintezini artıraraq, qanda qlükozanın səviyyəsini azaldır".

Murad

0