Heyvanların kəsilməsini görmək uşaqlara necə təsir edir? - Psixoloqdan AÇIQLAMA

14:19 / 02.10.2024
393

"Heyvanların küçələrdə açıq şəkildə kəsilməsi onları görən uşaqların üzərində bir neçə mənfi təsir yarada bilər". 

Bu sözləri EDA Terapiya Psixologiya Mərkəzinin psixoloqu Ayşən Bayramova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu cür təsirlər uşağın yaşına, inkişaf xüsusiyyətlərinə və hadisənin kontekstinə bağlı olaraq dəyişir:

"Heyvanların kəsilməsi kimi qanlı səhnələr uşaqlarda travmaya səbəb ola bilər. Qorxu, narahatlıq, gərginlik yarada bilən bu səhnələrin uzunmüddətli qorxu və ya kabuslar şəklində özünü göstərməsi mümkündür. 

Həmçinin, heyvanlarla bağ quran uşaqlar onlar üçün narahat ola bilirlər. Onların öldürülməsinə şahid olmaq isə bəzən empatiyanın azalmasına və qəddarlığa alışmağa səbəb olur".

Həmsöhbətimiz qeyd edib ki, uşaqların gözü önündə heyvanların kəsilməsi aqresiyya və zorakılıqla bağlı uşağın təsəvvürlərinin də dəyişməsinə gətirib çıxara bilər: 

"Belə ki, zorakılığın normal hal kimi qəbul edilməsinin uşaqlarda aqressiya və zorakılığa meylliliyi artırma ehtimalı var. Bu zaman uşaq baş verənləri düzgün anlamaqda çətinlik çəkə, bu isə onda daxili gərginliyə səbəb ola bilər. 

359295

Eyni zamanda, onların bu hadisələrdən sonra həyat və ölüm haqqında əxlaqi suallar verməyə başlaması da mümkündür. Bu, həm də onların etik dəyərlərinin formalaşmasına təsir edə və mürəkkəb emosional reaksiyalar yarada bilər". 

Ayşən Bayramova onu da diqqətə çatdırıb ki, uşaqların bu cür təcrübələrdən necə təsirlənməsi valideynlərin onlara necə izah etməsindən və dəstək olmasından da asılıdır:

"Valideynlərin və böyüklərin belə vəziyyətlərdə uşaqlarla müvafiq şəkildə ünsiyyət qurması və onları qorumaq üçün tədbirlər görməsi vacibdir. 10 yaşdan balaca olan uşaqların isə bu cür proseslərə baxmaması tövsiyə olunur".

Pərviz

0