Britaniyalı alimlərin son araşdırması COVID-19 infeksiyasının beyin fəaliyyətində əhəmiyyətli dəyişikliklərə səbəb ola biləcəyini müəyyən edib.
HİT.az xəbər verir ki, Qaynarinfo-nun məlmatına görə, Liverpul Universiteti və London Kral Kollecinin tədqiqatçıları müəyyən ediblər ki, xəstəlikdən sağ çıxan bəzi insanlar "beyin dumanı" adlandırılan ciddi koqnitiv pozğunluqlar yaşayırlar.
"COVID-19 ilə xəstəxanaya yerləşdirildikdən sonra bir çox insanlar davamlı idrak əlamətləri olduğunu bildirirlər. Bununla belə, koqnitiv pozğunluğun obyektiv sübutunun olub-olmaması və əgər varsa, beyin zədələnməsinin bioloji sübutunun olub-olmaması aydın deyil. Ən əsası isə xəstələrin zamanla sağalıb-sağlamamasıdır", deyə Liverpul Universitetinin tədqiqatçısı Qreta Vud bildirib.
Araşdırma çərçivəsində koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilən 351 xəstə müayinə olunub. Xəstəlikdən 12-18 ay sonra onların koqnitiv qabiliyyətləri Covid-19-u olmayan insanlarla müqayisədə xeyli aşağı olub. Xəstələrdə qanda beyin zədələnməsinin markerləri, həmçinin beyin qabığının bəzi funksiyalarından məsul olan ön hissəsinin həcminin azalması müşahidə edilib.
Ən qorxulu tapıntılardan biri xəstələrdə aşkar edilən koqnitiv pozğunluğun iyirmi illik təbii beyin yaşlanmasına bərabər olmasıdır. Üstəlik, bu dəyişikliklər həm nevroloji ağırlaşmaları diaqnozu qoyulub, həm də onsuz insanlarda müşahidə edilib. Bu, Covid-19-un özünün, hətta xəstənin aşkar nevroloji simptomları olmasa belə, idrak qabiliyyətinin azalmasına səbəb ola biləcəyini göstərir.
Alimlər tədqiqatlarının yalnız xəstəxanada müalicə olunan xəstələri əhatə etdiyini və əldə edilən nəticələrin avtomatik olaraq koronavirusdan sağalmış bütün insanlara tətbiq edilə bilməyəcəyini vurğulayırlar. Bununla belə, alimlər qeyd edirlər ki, bu araşdırma infeksiyanın beyinə uzunmüddətli təsirləri ilə bağlı ciddi narahatlıq doğurur.