Çində yeni virus yayılıb. Belə ki, sözügedən ölkədə bataqlıq virusu aşkarlanıb.
Bu virusda ölüm nisbətinin 30 faiz təşkil etdiyi bildirilir. Qızdırma, baş ağrısı və qusma əlamətləri ilə özünü biruzə verir. Əsasən, bu virus qoyun, donuz və atlarda aşkarlanır. İndiyədək bataqlıq virusu yalnız Çinin şimal-şərqində aşkar edilib.
Bəs bataqlıq virusu nə qədər təhlükəlidir? Koronavirus kimi Çindən dünyaya yayıla bilər, yoxsa lokal xarakter daşıması gözlənilir?
Bununla bağlı infeksionist Ləman Qalimova Hit.az-a açıqlama verib. O bildirib ki, bataqlıq virusu daşıyıcısı əsasən at, qoyun, donuz kimi heyvanlar olur:
"Bu gənə xəstəliyi də adlanır. Adıçəkilən heyvanlardan insana keçə bilər. Həmçinin, onun çəmənliklərdə və ya meşələrdə də insanlara keçməsi mümkündür. Ona görə mütəxəssislər elə yerlərdə olarkən uzun şalvar və köynək geyinməyi tövsiyə edirlər".
Həkimin sözlərinə görə, bataqlıq virusu koronavirus kimi təhlükəli olmayacaq:
"Sözügedən virus hələ ki, sadəcə Çində qeydə alınıb. Lakin at, qoyun və ya donuz kimi heyvanların idxalı nəticəsində bataqlıq virusuna başqa ölkələrdə rast gəlinə bilər. Əlbəttə ki, bunun üçün önləyici tədbir kimi nəzarət gücləndirilməlidir. Çünki bütün infeksiyalarda olduğu kimi onun da keçiciliyi ola bilər. Amma nəzarət olsa, hər hansısa boşluq buraxılmasa, bu virus koronavirus kimi dünyaya yayılmayacaq".
Pərviz