Meymunçiçəyi virusu dünyanın bir çox ölkəsində yayılmağa davam edir.
Belə ki, bu virusa Afrika ölkələri, Yaponiya, Hindistan, Pakistan, İsveç, Tailand və başqa ölkələrdə rast gəlinir. Artıq bu virusun yeni mutasiyalarının da yayıldığı müşahidə olunur.
İnfeksionist Ləman Qalimova meymunçiçəyi virusu ilə bağlı Hit.az-a danışıb. O, sözügedən virusun əlamətlərindən bəhs edib:
"Meymunçiçəyi virusu əsasən səpkilər, temperatur və halsızlıqla özünü biruzə verir. Təbii ki, belə virus varsa, onun insanlar arasında davamlı şəkildə yayılması üçün mutasiyaya uğrayacaq. Yəni bu, qaçılmaz bir haldır. Bütün viruslarda olduğu kimi meymunçiçəyinin də yeni variantlarının ortaya çıxması mümkündür".
Həkim qeyd edib ki, Azərbaycanda isə meymunçiçəyi virusuna yoluxma qeydə alınmayıb:
"İndiyə kimi ölkəmizdə bu virus aşkarlanmayıb. Lakin müxtəlif ölkələrdə yayılıb. Bu isə meymunçiçəyinin Azərbaycana da gələ biləcəyi ehtimalının olduğunu deməyə əsas verir. Buna baxmayaraq, ölkəmizdə həmin virusun nə qədər yayıla biləcəyini indidən proqnozlaşdırmaq çətindir".
Ləman Qalimova vətəndaşlara tövsiyə də verib:
"Bədəninizdə səpkilər olsa, temperaturunuz yüksəlsə və çox halsız hiss etsəniz mütləq şəkildə həkimə müraciət edin. Həkim bunlarla bağlı doğru diaqnoz qoyaraq, xəstəliyin nə olduğunu ortaya çıxaracaq. Ümumiyyətlə, bu kimi hallarda digər insanlarla kontaktdan çəkinmək lazımdır".
Pərviz