Son illər ölkəmizdə nitqi aydın olmayan, gec dil açan, danışığında problem olan uşaqların sayının artdığı müşahidə edilir. Bəziləri bunun problemini valideynin uşaqla olan az ünsiyyətində, bəziləri də xarici dil öyrətmək məqsədi ilə uşaqlara izlədilən cizgi filmlərdə görürlər.
Bəs, real vəziyyət nədir? Niyə uşaqlarda dil qüsurları yaranır?
Bu barədə Hit.az-a açıqlama verən loqoped Fəridə Qarayeva deyib ki, uşaqlarla valideyn çox danışmalı, görülən varlıqların adlarını dəfələrlə təkrarlamalıdır:
“Nitqin gec yaranması genetik faktorlardan da ola bilər. Amma bununla yanaşı, dil açmağa başlayan uşağın ətrafında yalnız bir dildə danışılmalıdır. Yeni dil açmağa başlayan uşağa xarici dildə cizgi filmlər izlədib, evdə ana dilində danışmaq olmaz. Bu hallar uşağın nitqinin qarışmasına, danışığın ləngiməsinə gətirib çıxarır. Danışdığımız bu problemlər hazırda çox geniş yayılıb.
Valideynlər bilməlidir ki, uşaq doğulduğu gündən bir yaşına qədər olan dövrdə eşitdiklərini anlamaq və qavramaqla bir dilə yiyələnir. Ona görə də hansı dildə danışmasını istəyirsinizsə, evdə yalnız həmin dildə danışılmalıdır. 3-4 yaşında sonra ikinci dili öyrətmək üçün başlamaq olar. Məsləhət görürəm ki, 2 yaşına qədər olan uşaqlara heç bir dil qarışdırılmasın”.
Murad