Dərinizdəki qırmızı xallar nədən yaranır? – Həkimdən açıqlama

SAĞLAMLIQ
23:11 / 04.11.2024
293

Demək olar ki, bir çoxumuz zaman-zaman dərimizdə yaranan qırmızı xallardan şikayətçi oluruq.

İnsanın yaşadığı müddətdə müəyyən zaman bədəninin müxtəlif nahiyələrində belə qırmızı xallar yaranır.

Maraqlıdır, qırmızı xalların yaranma səbəbi nədir?

Bu barədə Hit.az-a açıqlama verən dermatoloq Almaz Quliyev deyib ki, qırmızı xalların yaranmasının iki əsas səbəbi var:

“Qırmızı xallar insan həyatının bütün mərhələlərində əmələ gələ bilər. Yalnız 7 yaşına qədər əmələ gələn angiomalar öz-özündən yoxa çıxmaq qabiliyyətinə malikdir. Yaranma səbəblərindən birincisi yaş, digəri isə sağlamlıq problemləri və ya pis həyat tərzi ilə əlaqəlidir. 

Əksər insanda 30 yaşdan sonra görünməyə başlayır. Əsasən, bədəndə, qollarda və boyun nahiyədə olur. Bu cür xallar yaşın irəliləməsi ilə birlikdə cilddə və damarlardakı dəyişikliklər səbəbi ilə ortaya çıxır.

Digər səbəb sağlamlıq problemləri ilə bağlıdır. Əgər xal bir ləkə kimi görünürsə və ətrafında damar dəliyi yaranmağa başlayırsa, orqanizmdə bir problem olduğundan xəbər verir. Belə vəziyyət qara ciyərlə ürək damar xəstəlikləri və ya hormonlarla bağlı bir problemə işarə edir. Əgər uzun müddətdir dərinizdə olan qırmızı xal bir anda ölçüsünü və ya formasını dəyişir və qanayırsa, dərhal həkimə getməlisiniz. Ən yaxşı çarə sağlam qidalanmaqdır”.

Murad

0