Pomidor turşusu insanı necə öldürə bilər?

SAĞLAMLIQ
22:57 / 16.11.2024
37

Hava soyuyan kimi turşu, şorabalardan istehlak edənlər artır.

Ancaq həmin turşulardan istifadə edənlər arasında həyatını itirənlər də az deyil. 

Bu günlərdə Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın ölüb. 1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün noyabrın 12-si Bakı şəhər Toksikologiya Xəstəxanasına müraciət edib.

Aparılan müalicə və müayinələrə baxmayaraq, o, müalicə aldığı xəstəxanada vəfat edib.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, evdə hazırlanan turşular daha təhlükəli olur:

“Botulizm bakteriyasının ifraz etdiyi toksinin  törətdiyi, insan və heyvanlarda müşahidə edilən zəhərlənmədir. Bu bakteriya torpaqda geniş yayılıb. Yüksək temperatura dözümlüdür, havasız mühitdə isə daha fəal şəkildə çoxala bilmək qabiliyyətinə malikdir. Havası olmayan konserv bankaları bu bakteriyanın toksin ifraz etməsi üçün ən “əlverişli” mühitdir. Bu toksin insan orqanizminə daxil olduqda, tez bir zamanda qanın axını ilə bütün orqanizmə yayılır və müxtəlif qrup əzələlərdə ifliclərə səbəb olur. Adətən 10-12 saatdan sonra xəstədə qəflətən ürəkbulanması, qusma, ishal kimi əlamətlər meydana çıxır. Daha sonra insanda görmənin pozulması (gözlər önündə duman, tor, əşyaların konturlarının yayılmış olması), göz qapaqlarının aşağı enməsi, səsin xırıltılı olması, bəzən tam tutulması, udma refleksinin pozulması, nəfəsalmanın pozulması kimi ağır əlamətlər inkişaf edir. Xəstəyə vaxtında ixtisaslaşmış tibbi yardım edilməzsə, o, dünyasını dəyişə bilər. Bu səbəbdən qeyd etdiyim əlamətlərin hər handı birini hiss etdikdə, tez bir zamanda həkimə müraciət edilməlidir”.

Sevinc

0