Sakitləşdirici və yuxu gətirən dərmanlardan istifadə edənlər az deyil.
Əksəriyyət heç həkimlə məsləhətləşmədən də tanışlarından bu dərmanların adını öyrənib istifadə edir.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, bəzi adamlar özlərini rahat hiss etmək üçün həkimin təyinatı olmadan da bu maddələrdən istifadə edirlər:
“Bu cür maddələr isə bir sıra hallarda asılılığa gətirib çıxarır. Bəzi hallarda xəstə həkimin göstərişi ilə hansısa bir trankvilizatoru qəbul etsə də, sonradan ehtiyac olmayanda belə onları qəbul etməyə davam edir. Sakitləşdirici həbləri ailədaxili konfliktlərdən əziyyət çəkən insanlar, stresslə üzləşənlər də qəbul edir. Bəzi sakitləşdirici dərmanları uzun müddət qəbul edib, bundan imtina etdikdə əllər əsməyə başlayır, nitqində əsəbilik hiss olunur, hətta insanın yerişi və qaməti belə zəif görünməyə başlayır. Həblər insanın iş qabiliyyətinə də təsir edir. Orqanizm dərmanlara o qədər öyrəşə bilər ki, onları atdıqda insanın səhhətində ağırlaşmalar özünü göstərir. İnsanın bədəni titrəməyə başlayır, hərarəti və arterial təzyiqi artır, ürəyə pis təsir edir, əzələlərdə ağrılar baş qaldırır”.
Həkim bildirib ki, əsəb sakitləşdirici dərmanlar həkimin göstərişi ilə kursla qəbul olunmalıdır. Hər bir xəstəlik və ya problem üçün tövsiyə edilən əsəb sakitləşdirici dərmanlar müxtəlifdir. Tərkibindən asılı olaraq, sakitləşdirici dərmanları həkimlər kiçik yaşlı uşaqlara, hətta yenidoğulanlara da məsləhət görürlər:
“Yuxu gətirən dərmanların uzun müddət qəbulu diqqətin, yaddaşın və intellektin zəifləməsinə gətirib çıxarır”.
Sevinc