Koronavirus pandemiyası geridə qalsa da, onun yaratdığı narahatlıq hələ də davam edir.
Belə ki, dünyada milyonlarla insan koronavirusun yenidən kütləvi şəkildə yayılmasından qorxur. Buna səbəb 2019-cu ildən indiyə kimi sözügedən virusun bir çox təhlükəli ştamının meydana gəlməsidir. Nəzərə almaq lazımdır ki, həmin yeni variantların bir çoxu da olduqca təhlükəli idi.
"Omikron" ştamı bu təhlükəyə ən real nümunədir. Məhz bu variant dünya üzərində milyonlarla insana koronavirus infeksiyasını keçirdi. Təəssüflər olsun ki, yoluxma kimi ölüm halları da çox oldu.
Maraqlıdır, koronavirusun bütün təhlükəli dalğaları və ştamları artıq geridə qalıb?
Mövzu ilə bağlı infeksionist Mərdan Əliyev Hit.az-a açıqlama verib. O bildirib ki, koronavirusla bağlı təhlükə çoxdan geridə qalıb:
"Sadəcə bunu əvvəlcədən tam dəqiqliklə demək olmur. Buna səbəb belə viruslarda bəzi "sürprizlərin" olma ehtimalıdır. Yəni hər dəfə yeni ştamlar meydana çıxsa da, onun patogenliyi əvvəlkindən zəif olur. Beləliklə, virus insana, insan immuniteti də virusa uyğunlaşır.
Nəticədə, prosesin aqressivliyi getdikcə zəifləməyə doğru gedir. Əlbəttə ki, bundan sonra da koronavirusun yeni variantları bizimlə olacaq. Lakin onların öldürmə qabiliyyəti sıfıra yaxın olacaq".
Pərviz