Əhaliyə şad xəbər: Bu dərmanlar PULSUZ VERİLƏCƏK!

SAĞLAMLIQ
19:04 / 22.12.2024
46

Xəbər verildiyi kimi, ambulator müalicə üçün dərmanlar icbari tibbi sığorta paketinə daxil ediləcək. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Sədr qeyd edib ki, ambulator dərman vasitələrinin təminatına gələn ilin 6 ayı üzrə 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. O qeyd edib ki, “Tibbi sığorta haqqında” Qanun Milli Məclisdə 3-cü oxunuşdan keçib. Bu o deməkdir ki, ambulator müalicədə dərman təminatına ilin ikinci yarısı başlanılacaq.

Zaur Əliyev həmçinin Xidmətlər Zərfinin çeşidinin artırılması məsələsinə toxunaraq deyib ki, gələn il üçün icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinin çeşidinin artırılması planlaşdırılır. Onun sözlərinə görə, siyahıda beyin və boyun anevrizmalarının endovaskulyar üsullarla aradan qaldırılması, Endovaskulyar lazer ablasiya, İntraabdominal venoz şuntlama və arteriovenoz fistulaların ləğvi, baş beyin biopsiyaları və kəllə sümüklərinə metal lövhələrin yerləşdirilməsi, sidik ifrazat sistemi və digər sahələrdə ventrikulyar şuntların tətbiqi və dəyişdirilməsi, gözün arxa kamerasından implantasiya materiallarının çıxarılması nəzərdə tutulur. O həmçinin onkoloji xəstəliklərin diaqnostikada istifadə edilən Pozitron emissiya tomoqrafiyası xərclərinin Xidmətlər Zərfinə əlavə edilə biləcəyini diqqətə çatdırıb. Əlavə edib ki, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə edilən müraciətlərin sayı ötən illə müqayisədə 9% artaraq 22 milyonu keçib.

Bəs söhbət hansı xəstəliklərin müalicəsi zamanı ambulator qaydada təyin ediləcək dərmanlardan gedir? Yeniliyin əhali (xəstə) qrupları üçün əhəmiyyəti nədir?

Yada salaq ki, bir neçə ay öncə Milli Məclisin plenar iclasında ambulator müalicənin dərmanlarının icbari tibbi sığorta ilə qarşılanması məsələsi birinci oxunuşdan keçərək qəbul edilib. Bu məsələ “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlara təklif edilən dəyişikliklərdə öz əksini tapıb. Layihədə icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri, icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb. Layihə əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaratmaq üçün hazırlanıb. Ambulator şəraitdə verilən dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınmasında əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış yaxud cərrahi əməliyyata alınmadan müalicə almasını təmin etməkdir. Belə ki, vətəndaşlar ambulator müalicə alarkən dərmanlarını da tibbi sığorta vasitəsilə əldə edəcək və icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətin göstərilməsi təmin olunacaq. 

Qeyd edilir ki, əvvəllər xəstəxanada yatıb sonra evə buraxılan xəstələr bərpa müddətindəki dərmanları öz vəsaitləri hesabına alırdılar. Eyni zamanda xəstəxanaya getmədən vətəndaşlar həkimlərin yazdığı reseptləri də öz vəsaitləri ilə əldə edirdilər. Bundan sonra həmin vətəndaşlar yazılmış reseptləri və bərpa dövründəki dərman preparatlarını icbari tibbi sığorta fondunun vəsaiti hesabına alacaqlar. Bura kordioloji, yuxarı tənəffüs yollarının müalicəsi və həzm sistemi ilə bağlı preparatlar daxildir.

Məlumat üçün bildirək ki, dünyanın bir çox ölkələrində hökumət səhiyyə xidmətlərinin bir hissəsi olaraq dərmanların əhaliyə pulsuz verilməsini təmin edir. Bu ölkələrin siyahısı əsasən onların səhiyyə sistemlərinin strukturuna, dövlətin maliyyə imkanlarına və sosial siyasətinə əsaslanır. Misal üçün,  Skandinaviya ölkələrində dövlət səhiyyə xidmətlərini geniş şəkildə subsidiyalaşdırıb. Vətəndaşlar reseptlə yazılan dərmanları ya pulsuz, ya da çox aşağı qiymətlərlə əldə edə bilirlər.

Böyük Britaniyada Milli Səhiyyə Xidməti vasitəsilə bəzi kateqoriyadakı şəxslər, o cümlədən yaşlılar, uşaqlar, aşağı gəlirli şəxslər və xroniki xəstəlikləri olanlar dərmanları pulsuz əldə edir.

Kanadanın əksər əyalətlərində yaşlılar və aztəminatlı ailələrə pulsuz dərman təchizatı proqramları mövcuddur. Lakin bəzi dərmanlar üçün xüsusi sığorta proqramlarına ehtiyac var. Avstraliya hökuməti dərman vasitələri üçün subsidiya sistemi tətbiq edir. Aşağı gəlirli qruplar müəyyən dərmanları pulsuz ala bilirlər. Küveyt və Səudiyyə Ərəbistanı kimi ölkələrdə vətəndaşlar səhiyyə xidmətlərindən, o cümlədən dərmanlardan tamamilə pulsuz istifadə edirlər. Kubada isə səhiyyə sistemi tamamilə pulsuzdur, buna dərman təminatı da daxildir. Hindistanda bəzi əyalətlərdə dövlət səhiyyə mərkəzlərində əhaliyə bəzi dərmanlar pulsuz verilir. 

Həkim - cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Xidmətlər zərfinin genişlənməsi müsbət haldır. Ən azı vətəndaşın xeyrinə çalışmasına nail olmaq lazımdır və bunun işlək mexanizmi qurulmalıdır. Misal üçün, pozitron emissiya tomoqrafiyasının icbari tibbi sığorta paketinə daxil edilməsi o deməkdir ki, onkoloji xəstəliklərin heç olmasa 40 faizinin oradan keçmək imkanı yaranırsa, artıq o aparat  yetərli olmayacaq. Çünki bir mərkəzdir. Respublikada bir proseduranın həyata keçirilməsi xeyli zaman tələb edir. Yəqin ki, o zaman əlavə mərkəzlərin quraşdırılması zərurəti yaranır. Əvvəlcə infrastruktur qurulmalıdır. İmkanklar araşdırılmalıdır. Ondan sonra hansısa xidmətin bu zərfə daxil edilməsi məsələsi həll edilməlidir ki, bu effektiv olsun, narazılıq yaranmasın. Əvvəlki illərin statistikası araşdırılmalıdır, proqnoz müəyyən edilməlidir”.

0