“Environmental Science & Technology” jurnalında dərc olunan yeni bir araşdırmaya görə, mikroplastiklərin kolon və ağciyər xərçənginə, eləcə də reproduktiv pozğunluqlara səbəb ola biləcəyi müəyyən edilib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, araşdırma, siçanlar və insanlar üzərində aparılmış 1815 tədqiqatın nəticəsi əsasında məlum olub.
Alimlər gündəlik həyatın ayrılmaz hissəsi olan plastik istifadəsinin insan orqanizminə təsirini vurğulayıblar. Tədqiqat göstərib ki, insanlar hava, su və qida vasitəsilə bilmədən çoxsaylı mikroplastik hissəciklərinə məruz qalırlar. Bu hissəciklərin həzm, tənəffüs və reproduktiv sistemlərə ciddi təsir göstərə biləcəyi bildirilib.
Araşdırmanın müəllifləri qeyd ediblər ki, mikroplastiklərin müxtəlif formaları mövcuddur və tədqiqatların əksəriyyəti laboratoriya şəraitində daha çox rast gəlinən mikroplastik növlərinə yönəlib. Bu isə mövzu ilə bağlı daha genişmiqyaslı tədqiqatlara ehtiyac olduğunu göstərir.
Məlumatlara əsasən, 55 yaşdan aşağı şəxslərdə kolon xərçəngi hallarının son 10 ildə təxminən iki dəfə artması və tütün məmulatlarından istifadə etməyən insanlarda ağciyər xərçənginə yoluxma hallarının çoxalması mikroplastiklərin təsiri ilə əlaqəli ola bilər. Lakin elm adamları bildiriblər ki, mikroplastiklərin insan sağlamlığına təsirlərini daha dəqiq müəyyən etmək üçün əlavə tədqiqatlara ehtiyac var.
Tədqiqatçılar mikroplastiklərin potensial təhlükəsini nəzərə alaraq, onun uzunmüddətli təsirlərinin daha dərindən araşdırılmasının vacibliyini vurğulayıblar. Bu istiqamətdə aparılacaq tədqiqatların insan sağlamlığını qorumaq və mikroplastiklərin ətraf mühitə təsirini azaltmaq üçün yeni strategiyaların hazırlanmasına töhfə verəcəyi gözlənilir.