Bəzi insanlar duzlu və ya acılı yemək yeməyi çox sevirlər.
Belə şəxslər yeməklərində mütəmadi şəkildə duz, istiot, soğan, sarımsaq və bibərdən istifadə edirlər. Üstəlik, bunu sağlamlıq üçün etdiklərini deyirlər.
Bəs bu nə dərəcədə doğrudur? Hansısa əks təsirləri varmı?
Mövzu ilə bağlı tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlama verib. O bildirib ki, duz, istiot, soğan, sarımsaq və bibər qida məhsulu kimi insan orqanizminə faydalıdır:
"Yəni onlar norma daxilində qəbul olunmalıdır. Lakin duza, istiota, soğana, sarımsağa və ya bibərə hansısa sağlamlıq vasitəsi kimi baxmaq düzgün deyil. Onları normadan artıq istifadə edən insanların mədəsində turşuluq çoxalır. Mədədə də turşuluq çoxalanda turşu oradan 12 barmaq bağırsağa keçir. Nəticədə, mədəaltı vəzin, bağırsaqların və digər orqanların funksiyası pozulur".
Həkim qeyd edib ki, soğan, sarımsaq və istiotun təsiri böyrəklərin selikli qişasına mənfi təsir göstərir:
"O isə prostat vəzini qıcıqlandırır və müəyyən narahatlıqlar yaradır. Yəni hansısa qida vasitəsini həddindən artıq qəbul edəndə mütləq müəyyən narahatçılıqlar ortaya çıxır. Ona görə qida məhsullarını həmişə norma daxilində qəbul etmək lazımdır. Hər hansısa qidanı sağlamlıq vasitəsi kimi qəbul etmək düzgün deyil".
Pərviz