“Son dövrlərdə qrip, adenevirus, renovirus, paraqrip və pandemiya səbəbindən koronavirus kimi müxtəlif viruslar çox yayılmaqdadır”.
Bu sözləri Hit.az-a həkim Abbas Quliyev deyib.
Onun sözlərinə görə, bu xəstəliklərin əlamətləri demək olar eynidir:
“Son dövrlərdə qrip, adenevirus, renovirus, paraqrip və pandemiya səbəbindən koronavirus kimi müxtəlif viruslar çox yayılmaqdadır. Bu xəstəliklərin əlamətləri demək olar ki, eynidir. Bəzən həkimlər üçün hansı virus olduğunu ayırd etmək çətin olur. Pasiyentlərdə tez-tez yüksək hərarət, boğaz ağrısı, burun axıntısı, əvvəlcə quru öskürək, sonra isə bəlğəmli öskürək müşahidə edilir.
Bundan əlavə, yorğunluq, bədəndə halsızlıq və ağırlıq hissi də yaranır. Adətən bu vəziyyətdə olan insanlar, bədənlərinin immun sisteminin xəstəliyə cavab verməsi nəticəsində 1-3 gün ərzində sağalırlar. Lakin əgər simptomlar 3 gündən çox davam edərsə və yüksək hərarət (38,5 dərəcə) qalarsa, həkimə müraciət etmək məsləhət görülür.
Əllərin tez-tez yuyulması çox vacibdir. İctimai yerlərdən mümkün qədər qaçmaq lazımdır. Özünü pis hiss edənlər tibbi maska taxmalı, ətrafdakı sağlam insanları yoluxdurmağın qarşısını almalıdırlar.
Xroniki xəstəlikləri, xüsusilə ürək-damar xəstəlikləri, şəkərli diabet və ya nevroloji və allergik problemləri olan insanlar daha diqqətli olmalıdırlar. Onlar xəstəliklərini daim nəzarətdə saxlamalı və yaxşı yuxu rejimi qorumağa çalışmalıdırlar. Gün ərzində 2-3 litr su içməli, immun sistemini gücləndirən C və D vitaminlərini qəbul etməlidirlər. Mövsümə uyğun geyinmək və balanslı qidalanmaq da xəstəliklərdən qorunmağımıza kömək edər."
Murad