Ürək-damar xəstəliklərindən dünyada hər il 20,5 milyon nəfər həyatını itirir. Ürək-damar xəstəliklərinə ürəyin və qan damarlarının xəstəlikləri, ürəyin işemik xəstəliyi, beyinin damarlarının xəstəliyi, arteriyaların periferik xəstəliyi, revmokardit, anadangəlmə ürək qüsuru, vena damarların trombozu və sair xəstəliklər aid edilir.
Bəzi ürək xəstəlikləri gizli şəkildə gedir, yəni ciddi əlamətləri olmur. Bu səbəbdən müayinə və müalicə gecikdiyi üçün qəfil ürək tutmasından, İnfarktdan vəfat edənlər çox olur.
Ölkəmizdə də ürək-damar xəstəlikləri geniş yayılıb və qəfil ölümlərin sayı artıb. Ən pisi odur ki, artıq infarktdan vəfat edən gənclərin də sayı çoxalıb. Son bir ayda 7 tələbə bu səbəbdən vəfat edib.
Real səbəblər necə araşdırılmalıdır? Ümumi səbəb nə ola bilər?
Mövzuya münasibət bildirən professor, həkim Adil Qeybulla Bizim.Media-ya deyib ki, ürək-damar sistemi xəstəliklərinin cavanlaşması hamını narahat edir:
“Hər bir ölüm halı identifikasiya edilməlidir, yəni ölümün birbaşa səbəbi müəyyən olunmalıdır. Bəzən ümumi səbəblər deyilir, amma dəqiq olaraq məhkəmə-tibbi ekspertizanın rəyi olmalıdır. Ümumilikdə ürək-damar sistemi xəstəliklərinin cavanlaşması bir faktdır. Bunun əsasında dayanan faktorlar var, ilk səbəbi stress, ikinci qidalanmadır. Bu gün etiraf etməliyik ki, satılan yağların içərisində xeyli trans yağların qatqıları var ki, bunlar da ürək-damar xəstəliklərinin yaranmasına gətirib çıxarır. Bununla bağlı insanlar diqqətli olmalıdırlar. Oturaq həyat tərzi, siqaret çəkmək gənclər arasında geniş yayılıb. Əsas məsələlərdən biri çox qida qəbuludur, bütün bunlar hamısı mübadilə pozuntusu, xolesterin ərplərinin damarlarda çökməsinə və erkən damar tutulmasına gətirib çıxarır”.
O hesab edir ki, səbəblər dəqiq araşdırılsa, bu barədə effektiv addımlar atıla bilər:
“Bununla yanaşı, koronarspazm deyilən fuksional hadisə də mövcuddur ki, bu zaman da koronar (tac damar) damarların stress fonda sıxılması son nəticədə infarkta gətirib çıxara bilər. Ürəyin elektrik dayanması deyilən hadisə var ki, son vaxtar artıb. Yəni səbəblər çoxdur, bunlar araşdırılmalı, dəqiqi təhlil edilməli, aradan qaldırılması üçün lazımi tədbirlər görülə bilsin”.