İnfeksionist son günlər yayılan qrip virusu barədə DANIŞDI

SAĞLAMLIQ
12:10 / 14.01.2025
95

"Son zamanlarda insanlar arasında qrip virusu yayılıb". 

Bu sözləri Hit.az-a açıqlama verən infeksionist Ləman Qalimova deyib. 

O, qrip virusu barədə danışıb:

"Mövsümi qrip hər il olduğu kimi bu il də yayılıb. Əslində, bunun olması normaldır. Çünki bu dönəmlər mövsümi infeksiyaların yayılma dönəmləridir. Lakin təbii ki, özümüzü mövsümi qripdən qoruya bilərik".

İnfeksionist sözügedən xəstəliklərdən qorunmaq üçün peyvənd vurdurmağın çox əhəmiyyətli olduğunu vurğulayıb:

"Hər il olduğu kimi bu il də qrip əleyhinə vaksinasiya mövcuddur. Sözügedən vaksinlər ölkəmizdəki bütün poliklinikalarda var. Yəni hər kəs üçün əlçatandır. İstənilən şəxs poliklinikalara yaxınlaşıb peyvənd vurdura bilər. 

Bu, çox vacib bir addımdır. Nəzərə almaq lazımdır ki, peyvənd vurdurmayanda və insanlar özlərini qorumayanda xəstəliyin yayılma halları daha da sürətlə artmağa başlayır". 

Ləman Qalimova hesab edir ki, qrip virusu epidemiyaya səbəb olmayacaq:

"Hal-hazırda epidemiyadan söhbət getmir. Ancaq əlbəttə ki, infeksiyaların yayılma sürəti artıqca bu hallar qaçılmaz ola bilər. Ona görə də insanlar vaxtında vaksin vurdurmalıdırlar. Bununla da zamanında immunitet yaranar və xəstəliyin qarşısı alınar". 

Pərviz

0