"Mütəxəssislər hər zaman meyvə şirələrinin istifadəsi ilə bağlı müxtəlif fikirlər səsləndirirlər".
Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, həddindən artıq meyvə şirəsindən istifadə etmək həm uşaqlarda, həm də böyüklərdə müxtəlif problemlərə yol açır:
"Bu, qanda şəkərin miqdarının və qlükozanın artmasına gətirib çıxarır. Ümumiyyətlə, meyvə şirələri hazırlanarkən onların tərkibinə müxtəlif dadlandırıcılar, ətirləndiricilər və kimyəvi maddələr vurulur. Əlbəttə ki, bunlar da insan sağlamlığına müxtəlif fəsadlar verir.
Hətta qəbizliyə belə səbəb olur. Meyvə sağlamlıq üçün önəmli qida olsa da, kompotların hazırlanmasında müxtəlif kimyəvi qatqılardan istifadə olunduğu üçün meyvə şirəsi sağlam qida hesab olunmur".
Ekspert qeyd edib ki, kommersiya məqsədi ilə istifadə olunan bu cür meyvə şirələri hər zaman istədiyimiz keyfiyyətdə istehlakçılara təqdim olunmur:
"Ev şəraitində hazırlanan meyvə şirələrinə isə nə qədər şəkərin əlavə olunduğu və hansısa qatqılardan qatılıb-qatılmadığı müəmmalıdır. Onun hansısa fəsadlara səbəb olacağından kimsə sığortalanmayıb.
Satışda olan meyvə şirəsinin üzərində onun tərkibi haqqında yazı və Azərbaycan dilində markalanma olmalıdır. Lakin ev şəraitində hazırlanan kompotlarda bunu görmürük".
İlkin Şirinov diqqətə çatdırıb ki, kompotlarda istifadə olunan meyvələrin tam yuyulub-yuyulmadığı da bəlli deyil:
"Nəzərə almaq lazımdır ki, meyvələr yetişdirilərkən dərmanlama prosesindən keçir. Yəni meyvə yetişdirilən zaman üzərində qalan kiçicik bir məhlulun hissəsi belə olsa problem yarada bilər. Kompotda istifadə olunan meyvələrin tərkibində hansısa toz hissəcikləri belə olmamalıdır".
Mütəxəssis hesab edir ki, evdə hazırlanan meyvə şirələrinin marketlərdə satılması birmənalı şəkildə yolverilməzdir:
"Ümumiyyətlə, evdə meyvə şirəsinin hazırlanmasına heç bir nəzarət olmur. Hansısa şirkətin hazırladığı meyvə şirəsində isə problem olduqda həmin istehsalçıdan nələrisə tələb edə bilərik. Amma ev şəraitində hazırlanan meyvə şirələrində hansısa fəsad olsa, kimdənsə nə isə tələb etməyimiz artıq sual altındadır".
Pərviz