Təbii doğuşun ana və uşağın sağlamlığı baxımından vacib olduğu nə qədər təbliğ olunsa da, övladını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirənlərin sayı durmadan artır.
Azərbaycanda da qeysəriyyə əməliyyatları dəbə minib. Hətta övladının doğum tarixini öz doğum gününə təyin edərək qesəriyyə əməliyyatı etdirənlər də az deyil.
Ginekoloq həkim Aidə Süleymanova Hit.az-a şərhində deyib ki, qeysəriyyə əməliyyatlarının aparılmasına birbaşa və bilavasitə göstərişlər var:
“Ana ilə və birbaşa dölə bağlı olan göstərişlər olur. Ananın ağır formalı daxili xəstəliklər keçirməsi, ciftin vaxtından əvvəl qopması, doğuşun ləngiməsi, dölün gəlişi, dölün bətndaxili kəskin hipoksiyası, rezus konflikt, həddən artıq iri dölün olması - bunlar birbaşa qeysəriyyə əməliyyatına göstəriş sayılır. Bütün bunlar gündəlik təcrübədə ən çox rast gəlinən hallardır. Bəzən döl və ana ilə bağlı göstərişlər təklikdə olur, bəzən isə üst-üstə düşür. Günümüzdə qeysəriyyə əməliyyatlarının sayının artmasının səbəblərindən biri süni mayalanma ilə hamilə qalan qadınların sayının çox olmasıdır. Problem həm də qadının yaşı çox olanda yaranır. Yaş çoxdursa, döl başı ilə ananın çanağı arasında uyğunsuzluq olma ehtimalı olur. Təbii ki, süni mayalanma xeyli illər sonsuzluq olandan sonra aparılır. Sonsuzluq olması artıq sonradan Qeysəriyyə əməliyyatlarının aparılmasına göstəriş sayılır. Bununla yanaşı, qadınlarımız qonşudan dala qalmamaq üçün qeysəriyyə əməliyyatına üz tutur. Qeysəriyyə əməliyyatı həkimin öz rahatçılığını istəməsidir. Çünki, normal doğuşlar birinci və yaxud ikinci, yəni təkrar doğulmasından asılı olaraq, müddəti 12 ,16 ,18 saat uzana bilir. Yəni, bu qədər vaxtı səbirlə gözləyərək, xəstəni diqqətlə müşahidə etməlisən. Bu isə həkim üçün vaxt itkisi sayılır".
Sevinc