"Sosial şəbəkə platformaları insanların gündəlik həyatını daha görünən edir. Bu isə gözəllik anlayışını daha geniş bir kontekstdə formalaşdırır".
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, sosial şəbəkə istifadəçiləri mütəmadi olaraq cəlbedici və "ideal" görünüşə sahib qadınları görürlər:
"Nəticədə, bir müddət sonra özlərini həmin gözəllik standartları ilə müqayisə etməyə başlayırlar. Bu isə xanımları öz bədəninə və xarici görünüşünə daha çox diqqət yetirməyə, hətta əməliyyatlara müraciət etməyə belə təşviq edə bilər. Əslində, gözəlliyə dair yüksək gözləntilər və toplumun estetik dəyərləri insanların özünü dəyərləndirmə üsulunu formalaşdırır".
Ekspertin sözlərinə görə, bəzi xanımlar özlərinə daha çox güvənmək və cəmiyyətin gözündə "mükəmməl" görünmək üçün estetik əməliyyatlara müraciət edirlər:
"Bu cür gözəllik təzyiqi, xüsusilə gənc yaşlarda daha sıx hiss olunur və nəticədə bədən imicilə bağlı narahatlıq yarana bilər. Düzdür, estetik əməliyyatlar son illərdə daha müasir və inkişaf etmiş texnologiyalarla həyata keçirilir.
Daha az riskli, daha qısa bərpa dövrü ilə əksər əməliyyatlar artıq olduqca əlverişlidir. Bu da xanımları daha cəsarətli edir və qərar vermələrini asanlaşdırır. Həmçinin, texnologiyanın inkişafı əməliyyat nəticələrinin daha təbii və gözəçarpan olmasına kömək edir".
Psixoloq qeyd edib ki, bəzi hallarda kişilər və ya iş dünyası xanımlardan müəyyən estetik gözəlliklərə sahib olmağı tələb edirlər:
"Bu tələblər, xüsusilə iş dünyasında və cəmiyyətin fərqli qatlarında, bir növ "görünüşün işə təsiri" kimi formalaşır. Hətta bəzi iş yerləri estetikli gözəl qadınları işə götürməyə üstünlük verir. Bu da sonda xanımların estetik əməliyyatlara müraciət etməsinə səbəb olur".
Zəhra Zahidova vurğulayıb ki, keçmişdə estetik əməliyyatlarına qarşı daha çox mənfi yanaşmalar var idi, ancaq son illərdə vəziyyət dəyişib:
"Əməliyyatlar təkcə kosmetik məqsəd güdməklə deyil, insanların özünü daha yaxşı hiss etməsi və öz imicini yaxşılaşdırması ilə bağlı əsasən sosial olaraq qəbul edilir. Bu dəyişiklik qadınlara estetik əməliyyatları daha az "qadağan olunmuş" bir şey kimi qəbul etməyə imkan verir.
Yəni estetik əməliyyatlara olan marağın artması, sosial, mədəni, psixoloji və texnoloji dəyişikliklərin birgə təsirinin nəticəsidir. Bunun xanımların özlərini daha yaxşı hiss etmə, özünə güvənmə və müasir gözəllik standartlarına uyğunlaşma arzularından irəli gəldiyi düşünürəm".
Pərviz