"Baş ağrısının əsas səbəbi xəstəliklərdir" - HƏKİM

SAĞLAMLIQ
13:47 / 23.01.2025
76

"Əslində, "baş ağrısı" adlı bir xəstəlik yoxdur".

Bu sözləri tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, baş ağrısı sadəcə hansısa xəstəliyin əlaməti kimi meydana çıxır:
"Yəni hansısa xəstəlik olduqda, baş ağrısı verə bilir. Baş ağrısı isə özü hansısa xəstəlik törətmir. Müxtəlif xəstəliklər insanda baş ağrılarının yaranmasına gətirib çıxara bilər". 

Həkim həmin xəstəliklərdən də bəhs edib:
"Soyuqdəymə, nevralgiya ağrıları, başda və beyində yaranan müxtəlif şiş xəstəlikləri bu ağrılara səbəb olur. Həmçinin, damar xəstəlikləri, iltihabı proseslər və miqren zamanı da başda ağrılar meydana gəlir. Yəni arealı çox böyük sahəni əhatə edir".

Mütəxəssis diqqətə çatdırıb ki, hətta yorğunluq belə baş ağrılarına səbəb olur:
"Əsəb sisteminin pozulduğu xəstəliklər zamanı yuxu pozğunluğu yaranır, beyin hüceyrələrində gedən yorğunluq baş ağrılarına gətirib çıxarır. Ümumiyyətlə, baş ağrısı xəstəlik deyil, xəstəliyin simptomudur.

Bəzən də miqren zamanı xəstə baş ağrısı səbəbindən şoka düşə bilir. Bunu artıq baş ağrısının fəsadı kimi qeyd etmək olar. Amma baş ağrıları əsasən bədəndə gedən xəstəliklər nəticəsində yaranır".

Pərviz

0