Niderland Neyrologiya İnstitutunun alimləri insanların ölümə yaxın təcrübələrini tədqiq edərək, klinik ölümdən sonra şüurun mövcudluğunu davam etdirə biləcəyi qənaətinə gəliblər.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Nature Neuroscience" jurnalında dərc olunub.
Ürək dayanmasından sağ çıxan xəstələrin 70 klinik hadisəsinin təhlili şüurun müasir elmi anlayışına və onun bioloji proseslərlə əlaqəsinə meydan oxuyan hadisələri aşkar edib.
Alimlərin fikrincə, ən parlaq nümunələrdən biri 2022-ci ildə qeydə alınıb və Stenford Tibb Mərkəzində kardiocərrah Lloyd V. Rudi tərəfindən təsvir edilib. Beyin anevrizması olan bir xəstənin ürəyi dayandıqdan sonra rəsmi olaraq öldüyü elan edilib, lakin 34 dəqiqə sonra heç bir tibbi müdaxilə olmadan qəfil həyat əlamətləri göstərib.
Tədqiqatçılar qeyd ediblər ki, reanimasiyadan 72 saat sonra bu xəstə kliniki ölüm zamanı əməliyyat otağında baş verən hadisələrin təfərrüatlarını dəqiq surətdə canlandıra bilib. O, cərrahların hərəkətlərinin dəqiq vaxtını 2%-dən az səhvlə göstərib, monitorlar söndürülərkən tibb bacısının yazdığı elektron məktubun mətnini təkrar edib, həmçinin anestezioloqlar arasında defibrilatorun dəyişdirilməsi ilə bağlı söhbəti təsvir edib. Bütün bunlar xəstə huşunu itirdikdən sonra baş verib..
Araşdırmaya rəhbərlik edən doktor Maarten van der Linden belə məlumatların qalıq beyin fəaliyyəti ilə izah edilə bilməyəcəyini vurğulayıb. Tədqiqat zamanı iştirakçıların 89%-i EEG aktivliyi olmadıqda əldə edilən məlumatları xatırlaya bildi və 63% hallarda onların təsvirləri əməliyyat otağının video yazılarına uyğun gəlib.
Bununla belə, Oksford Universitetinin bioetika professoru Emili Krauss “ölümdən sonrakı həyatın” mövcudluğu ilə bağlı tələsik nəticələrə gəlməyə xəbərdarlıq edib. O, əldə edilən məlumatların təfsirində ehtiyatlı olmağın vacibliyini vurğulayaraq, bu araşdırmanın hələ də əlavə sınaq və təhlil tələb etdiyini bildirib.
Gələcəkdə alimlər subneyronal səviyyədə aktivliyi öyrənmək üçün növbəti nəsil kvant sensorlarından istifadə etməyi planlaşdırırlar ki, bu da klinik ölümdən sonra şüurun saxlanmasının mürəkkəb proseslərini başa düşməkdə yeni üfüqlər aça bilər.
Samir