Bəzi insanlar yuxunu boş vaxt itkisi, bəziləri istirahət, bəziləri isə xoşbəxtlik hesab edirlər.
Bizim.Media xəbər verir ki, alimlərin fikrincə, biz həyatımızın təxminən üçdə birini yuxuda keçiririk.
Alimlər yuxunun qida qəbulundan daha vacib olduğunu iddia edirlər, çünki yeməksiz kifayət qədər uzun müddət yaşamaq mümkündür. Lakin ardıcıl yeddi gün yuxusuz qalmaq həm insan psixologiyasında, həm də bütövlükdə orqanizmdə bərpa olunmaz fəsadlara səbəb ola bilər.
Müxtəlif yaşlar üçün yuxu müddəti də fərqlidir. Körpələr gündə təxminən 16 saat, yeniyetmələr orta hesabla 9 saat, böyüklər isə 8-dən artıq olmamaq şərtilə, ən azı 4,5 saat, yaşlı insanlar 8-9 saat yuxu yatmalıdırlar.
Ümumiyyətlə, qadınlar kişilərdən daha çox yuxuya ehtiyac duyurlar. Belə ki, onlar kişilərdən orta hesabla bir saat çox yatmalıdırlar.
Bəs yuxusuzluğun səbəbləri nələrdir?
Mütəxəssislər bunu müxtəlif səbəblərlə əlaqələndirirlər. Buraya beyin funksiyasının pozulması, kəllədaxili zədələr, beynin sarsıntıları və yoluxucu lezyonları, narahat ayaq sindromu, qalxanabənzər vəzinin xəstəlikləri, tənəffüs orqanlarında narahatlıq, yataq, yastıq və ya yeni yerə köçmək üçün banal dəyişiklik və s. daxildir.
Bəzən insanlar bu problemlərlə spirtli içki qəbulu, yuxu həbləri, bilinməyən bitki mənşəli preparatların qəbulu ilə mübarizə aparırlar. Lakin bunun olduqca yanlış olduğu və orqanizmə daha çox zərər verdiyi alimlər tərəfindən sübut olunub.
Əgər yuxu pozğunluğunuzu artıq yuxusuzluq kimi təyin edirsinizsə, onda onunla mübarizə aparmaq üçün mütləq bunun başvermə səbəbini tapmaq lazımdır.
İlk addım isə üç sahə üzrə həkimə baş çəkməkdir: nevroloq, somnoloq (yuxunun hansı nöqtədə, hansı mərhələdə kəsildiyini və buna nəyin kömək etdiyini müəyyən etmək üçün), klinik psixoloq.
Bir qayda olaraq, yuxusuzluğun səbəbi psixolojidirsə, o zaman özünüzü dərk edərək və həyatınızda nəyisə dəyişdirərək yuxunuzun kifayət qədər tez normallaşdığını görəcəksiniz.
Yuxusuzluğun qarşısını almaq üçün isə gün ərzində, saat 16:00-dan əvvəl fiziki fəaliyyət tələb olunur. Əgər işiniz oturaqdırsa, uzanmaq üçün özünüzə 5 dəqiqəlik fasilə verin.
İş günləri ərzində hər kəs emosional gərginlik və stress yaşayır. Bu vəziyyətdə adrenalin hormonu ifraz olunur, bu hormon tərlə və ya fiziki fəaliyyətlə bədəndən çıxarılır.
Eləcə də, rahat və dərin yuxu yatmaq üçün yatağa ac getməmək məsləhət görülür. Lakin yuxu öncəsi həddindən artıq qida qəbulu da yolverilməzdir. Çünki bu halda həzm sistemi dinc yatmağa imkan verməyəcək.
Və ən əsası yatağa gərgin olmayan beyin və sakit bir ürəklə girmək tövsiyə olunur.