Millət vəkili Musa Quliyev Milli Məclisdə maraqlı bir təklif irəli sürüb.
O, Azərbaycanda həkim reklamının qadağan olunmasını təklif edib:
"Bütün dünyada həkimi şəxs olaraq reklam etmək qadağandır. Bizdə də qadağan olunmalıdır".
Maraqlıdır, saxta həkim reklamlarından qorunmaq üçün bu addımı atmaq lazımdır?
Bununla bağlı tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlama verib. O bildirib ki, həkimin reklamı onun xəstələridir:
"Hansısa xəstə yaxşı müalicə alır və gözəl effekt görürsə, həkimini başqalarına tərifləyir. Bu, təbii reklamdır. Lakin bəzi həkimlər televiziya proqramlarında müxtəlif sertifikatlar göstərməklə özlərini reklam edirlər. Bunun üçün də xeyli pul ödəyirlər. Hətta öz fəaliyyətlərini qabartmağa çalışırlar. Hərçənd ki, peşəkar, özünə hörmət edən həkim televiziyaya çıxaraq öz etdiklərini deməz".
Mütəxəssis diqqətə çatdırıb ki, telekanallara çıxıb danışan həkimlər xalq tərəfindən tanınmayanlardır:
"Onlar, özlərini reklam edərək, ətraflarına xəstə yığırlar. Nəticədə, həmin xəstələrin əksəriyyəti effekt ala bilmir, hətta başlarına müxtəlif problemlər gəldiklərini deyirlər. Ümumiyyətlə, tanınmayan həkim özünü reklam etdiyi üçün kiminsə sağlamlığı ona etibar etməsi neqativ hallara gətirib çıxarır".
Lakin həmsöhbətimiz həkim reklamının qadağan olunmasının doğru olmayacağını düşünür:
"Çünki reklam olunmaq məsələsi azaddır. Üstəlik, "Reklam haqqında" qanunda həkimin özünü reklam etməsini qadağan edən maddə yoxdur. İnsan istədiyi vaxt azad şəkildə reklam etdirə bilər. Konkret olaraq, rəsmi qaydada həkim reklamının qadağan olunması isə insan haqlarına uyğun gəlməz".
Rasif Bağırov vurğulayıb ki, xalq bu məsələyə diqqətli yanaşmalıdır:
"Ağlı başında adam olan bilir ki, hansısa həkim televiziyaya çıxaraq özünü reklam edirsə, etdiklərini canfəşanlıqla deyirsə, deməli, hansısa problemi var. Başqa həkimlər niyə anoloji addımı atmır? Mən indiyə qədər peşəkar həkimlərdən kiminsə televiziyaya çıxaraq özünü reklam etdiyini görməmişəm. Əslində, belə adamların özünü anti-reklam etmək lazımdır. Hesab edirəm ki, xəstəsindən kənarda reklama ehtiyac duyan həkim lazım səviyyədə savada sahib deyil".
Pərviz