“Arıqlama çayı və qəhvələri” ilə əlaqədar gömrük orqanlarında aparılan araşdırmalar nəticəsində qeyd olunan məhsulların tərkibində bir sıra hallarda güclü təsirə malik maddə hesab edilən “sibutramin” maddəsinin olduğu aşkar edilib.
Bu barədə Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin birgə məlumatında qeyd olunub.
Məlumatda ölkə ərazisinə qadağan edilən bu kimi maddələrin gətirilməsinin qarşısının alınması üçün sifariş edilməsinə, daşınmasına yol verilməməsinin vacibliyi diqqətə çatdırılıb.
Qeyd edək ki, son zamanlar arıqladıcı çay və kofelərin piarı geniş şəkildə aparılır. Artıq çəkidən əziyyət çəkən insanların arıqladıcı çay və ya arıqladıcı kofe ilə arıqlamasının mümkün olduğunu təbliğ edirlər.
Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, tez bir zamanda arıqlamaq istəyi insan orqanizmində ciddi fəsadlar törədir:
“Bədən çəkisinin 30 faizinin itirilməsi insanlarda hətta bərpası mümkün olmayan psixi dəyişikliklərə də səbəb olur. Bu tip çaylar, kofelər orqanizmdə duz mübadiləsini pozaraq uzun müddət ishal yaradır, bağırsaqdan sorulmanın qarşısını alır. Qəbul olunan qidanın həzminə imkan verməyən və bağırsaqişlədici kimi istifadə olunan preparatlar bədəndə çox su itkisinə səbəb olur. Orqanizmdə suyun itkisi elektrolit pozğunluğa, yəni lazımi ionların itirilməsinə gətirib çıxarır. Arıqlama vasitələri beyinə impuls çatdırır və insanda doyum hissi yaradır. Bu da hormonlara mənfi təsir göstərir”.
Sevinc