Bəzi insanlar gecə gec yatmağı xoşlayır.
Kimisi gec saatlarına qədər kinoya, telefona baxır, kimisi də kitab oxuyur. Ancaq həkimlər israrla gecə gec yatmağın zərərli olduğunu iddia edir.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, gecə gec yatmaq sosial əlaqələrə mənfi təsir göstərə bilər. İnsanların çoxunun gecə yatdığını nəzərə alsaq, gecə gec yatan insanlar dostları və ya ailəsi ilə ünsiyyət fürsətini əldən verə bilərlər:
"Optimal sağlamlıq üçün müntəzəm yuxu saatlarını və yuxu rejimini saxlamaq vacibdir. Sağlam insan yuxusu orta hesabla sutkada 7-8 saat davam etməlidir. Normalda yuxu gecə saatlarında olmalıdır. İdeal olaraq, insan axşam saat 22:00 ilə 23:00 arasında yatmalı və 3-5 dəqiqə ərzində yuxuya getməlidir. Bu, sağlam yuxu üçün ən optimal vaxtdır. Bu zaman stress hormonu olan kortizolun səviyyəsi azalır, melatonin (yuxu hormonu) isə əksinə yüksəlməyə başlayır.
Qeyd edim ki, yuxusuzluq qısamüddətli (kəskin yuxusuzluq) və ya uzunmüddətli (xroniki yuxusuzluq) ola bilər. Kəskin yuxusuzluq adətən stressdən yaranır və bir neçə gündən bir neçə həftəyə qədər davam edə bilər. Ancaq bəzi insanlarda bir ay və ya daha çox davam edən xroniki yuxusuzluq halları da görülə bilər. Onu deyim ki, yuxusuzluq kimi çox yatmaq da insanın sağlamlığına mənfi təsir göstərir".
Sevinc