"Meyvə-tərəvəzlərdən hazırlanan konservləşdirilmiş turşu məhsullarının açmadan 6 aya qədər saxlamaq olar".
Bu sözləri Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bəzən emal prosesindən keçmiş sənaye üsulu hazırlanan konservləşdirilmiş turşu məhsullarını isə tərkibində istifadə olunan konservantlara görə daha uzun müddət saxlamaq mümkündür:
"Lakin onun qapağı açıldıqdan sonra mütləq şəkildə soyuducuda saxlamaq lazımdır. Bankanı qapağı açıldıqdan sonra bir neçə dəfə temperatur dəyişikliyinə məruz buraxmaq olmaz. Əgər soyuducuda saxlanılmayacaqsa, soyuq yerdə 10-15 dərəcədə saxlamaq məsləhət görülür. Ümumiyyətlə, turşu bankasının ağzı açıldıqdan sonra 1-2 həftə ərzində istifadə olunub bitirilməlidir. Təbii ki, bu müddət turşuya görə dəyişir".
Ekspert qeyd edib ki, hava ilə təmas etməməsi üçün hər istifadədən sonra turşu bankasının qapağını kip bağlamaq lazımdır:
"Əks halda, onların tərkibindəki mikroorqanizmlər sürətlə çoxala bilir. Bu da məhsulun xarab olmasına gətirib çıxarır. Onun xarab olması qoxu, rəng və başqa dəyişikliklərlə özünü göstərir. Turşunun xarab olması kiflənmə, köpüklənmə, suyunun bulanması və içində istifadə olunan meyvə-tərəvəzlərin normaldan daha yumşaq olması ilə özünü biruzə verir".
Məhsəti Hüseynova onu da vurğulayıb ki, belə olan halda həmin turşunun qəbulu tövsiyə olunmur:
"Ümumiyyətlə, turşu bankasının ağzı açılandan sonra onu uzun müddət saxlamaq olmaz. Çünki turşu bankasının qapağı açıldıqdan sonra uzun müddət qaldıqda rəngində və qoxusunda dəyişikliklər olmasa da, artıq tamında acılıq yaranır. Bu isə onun tərkibində bakteriyaların çoxaldığını göstərir. Belə məhsulları qəbul etmək isə sağlamlıq təhlükələrinə və hətta ağır zəhərlənmələrə gətirib çıxara bilər".
Pərviz