Amerika Birləşmiş Ştatlarının Beysteys Tibb Mərkəzindən olan alimlər birinci tip diabeti olan xəstələrdə ürək-damar xəstəliklərinin inkişaf riskinin ikinci tip diabeti olanlarla müqayisədə daha aşağı olduğunu müəyyən ediblər.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of the Society for Cardiovascular Angiography & Interventions" (JSCAI) jurnalında dərc olunub.
Alimlər təxminən 1,5 milyon könüllünün sağlamlıq məlumatlarını toplayıblar. Təhlil zamanı birinci tip diabeti olan təxminən altı min nəfər müəyyən edilib. Onların ürək-damar xəstəliklərinin inkişaf riski göstəriciləri ikinci tip diabeti olan xəstələrlə müqayisə edilib.
Nəticələr göstərib ki, birinci qrupda olan şəxslərdə miokard infarktı, insult və ətraf damarların iskemiyası daha az hallarda müşahidə olunub. İki qrup arasında damar bypass əməliyyatlarının tezliyində əhəmiyyətli fərq yoxdur. Bununla belə, ikinci tip diabeti olan şəxslər daha tez-tez perkutan koronar intervensiyaya (PKB) məruz qalıblar. Bu, koronar arteriya xəstəliklərinin müalicəsində tətbiq olunan minimal invaziv prosedurdur.
Alimlərin sözlərinə görə, birinci və ikinci tip diabet əsaslı olaraq fərqli xəstəliklərdir. Birinci tipdə insanın mədəaltı vəzi artıq insulin istehsal etmir. Əsasən, birinci tip diabetin yaranmasının səbəbi genetik meyildir. Bu xəstəliyi olan insanlar hər gün bu hormonu ehtiva edən dərman preparatlarından injeksiyalar etməlidirlər.
İkinci tip şəkərli diabet isə bədən toxumalarının insulina həssaslığının azalması nəticəsində yaranan xroniki xəstəlikdir. Bu halda, mədəaltı vəzin insulin istehsalını stimullaşdıran dərmanların qəbulu tələb olunur.
Samir