Nevroloq Dr. Ayşegül Daldal yuxu apnesi sindromunun ciddi sağlamlıq problemlərinə yol aça biləcəyini bildirərək.
HİT.az xəbər verir ki, həkim bu barədə "CNN Türk"ə danışıb.
Dr. Daldalın sözlərinə görə, yuxu apne sindromu yuxu zamanı tənəffüsün qısa müddətli və fasiləli dayanması ilə meydana çıxır. Bu vəziyyət şiddətli xoruldama ilə xarakterizə olunur, yuxu keyfiyyətində ciddi pozulmalara səbəb olur və gündüz həddindən artıq yuxululuqla yanaşı yorğunluq yaradır. O, apnenin 10 saniyə və ya daha uzun müddət ağız və burundan hava axınının dayanması kimi tərif olunduğunu qeyd edərək, xəstəliyin həyati risk daşıdığını vurğulayıb.
Obstruktiv yuxu apnesi sindromunun (OSAS) cəmiyyətdə geniş yayılmış bir xəstəlik olduğunu bildirən Dr. Daldal deyib:
"Hər dörd nəfərdən biri bu xəstəliyə tutulma riski daşıyır. Xüsusilə irəli yaş və kişi cinsi əsas risk faktorları arasında yer alır. Kişilərdə qadınlara nisbətən iki dəfə daha çox rast gəlinən bu xəstəlik menopauzadan sonra qadınlarda da artmaqdadır".
O, piylənmə, genetik meyillilik, burun tıxanıqlığı, siqaret istifadəsi və hamiləliyin də xəstəliyin inkişafında rol oynadığını bildirərək, bu risk faktorlarına sahib insanların diqqətli olması gərəkdiyini qeyd edib.
Dr. Daldal xəstəliyin ən çox rast gəlinən simptomlarını belə sıralayıb: şiddətli xoruldama, yuxuda nəfəsin dayanması, hava çatışmazlığı və ya boğulma hissi ilə oyanma, yuxunun bölünməsi və gündüz həddindən artıq yuxululuq.
"OSAS-ın irəliləyən dövrlərində çəki artımı, unutqanlıq, depressiya, diqqət pozğunluğu, cinsi funksional problemlər, səhər baş ağrısı, ağız quruluğu, gecə tərləmə, diş sıxma və reflü kimi şikayətlər də ortaya çıxa bilər" deyən Dr. Daldal, bu əlamətləri hiss edən şəxslərin mütləq mütəxəssisə müraciət etməsinin vacibliyini vurğulayıb.
Mütəxəssisin sözlərinə görə, yuxu apnesi müalicə olunmadıqda yüksək təzyiq, insult, ürək xəstəlikləri və depressiya kimi ciddi sağlamlıq problemlərinə yol aça bilər. Xəstəliyin diaqnozunda polisomnoqrafiya testinin "qızıl standart" sayıldığını qeyd edən Dr. Daldal, apne-hipopne indeksinin (AHİ) xəstəliyin şiddətini müəyyən etdiyini bildirib.
Müalicə üsulları haqqında məlumat verən Dr. Ayşegül Daldal, çəki atmağın, siqareti tərgitməyin, alkoqol istehlakından çəkinməyin və yana doğru yatmağın xəstəliyin yüngül formada olan hallarında təsirli ola biləcəyini bildirib.
O, apne-hipopne indeksinin (AHİ) 15-dən yüksək olduğu, yaxud 5-dən artıq olub hipertoniya, insult, həddindən artıq yuxululuq, işemik ürək xəstəliyi, yuxusuzluq və ya psixi pozuntularla müşayiət olunan xəstələrdə CPAP terapiyasının ilk seçim olduğunu vurğulayıb. Bu üsulun düzgün istifadə edildikdə 100% təsirli olduğunu qeyd edən Dr. Daldal, CPAP cihazının müntəzəm istifadəsi ilə xəstələrin şikayətlərinin azaldığını və ürək-damar xəstəlikləri riskinin aradan qalxdığını bildirib.
Bundan əlavə, burun tıxanıqlığının aradan qaldırılmasının, xəstələrin düzgün məlumatlandırılmasının və isidicili nəmləndirici istifadəsinin müalicənin uğurunu artırdığını qeyd edərək sözlərini tamamlayıb.
Samir