"Ağartı məhsullarının tərkibinin təbii olub-olmadığı hər zaman aktual məsələlərdən biri olub".
Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, südün litri 1 manata və ya 1 manat 50 qəpiyə satılır:
"Lakin bu qiymətə alınan süddən hazırlanan yağ, pendir, şor, xama və qaymaq kimi məhsullar necə ucuz qiymətə satıla bilər? Yəni bununla bağlı ciddi suallar yaranır.
Məsələn, üzünün heç bir yağı alınmadan 10 litr təbii süddən 900 qram pendir hazırlana bilər. 10 litr südün isə ən ucuzu 10 manat edir. Bəs onda kiloqramı 6 manata satılan pendir nədəndir? Bu gün əksər süd, qatıq və şor istehsalında insan orqanizmi üçün ziyanlı olan çox sayda kimyəvi qatqı maddələrindən istifadə olunur".
Ekspert qeyd edib ki, südlərin üzü yığıldıqdan sonra onların yağı alınır:
"Əslində, südün həmin suyu istifadəyə yararsızdır. Lakin ondan xammal kimi istifadə edərək, 60-70 dərəcə temperaturda tərkibinə xüsusi palma yağı və digər qatılaşdırıcı yağlar əlavə olunur. Lazımi yağlılıq dərəcəsi alındıqdan sonra isə ondan yenidən emala başlayırlar.
Əslində, təbii inək südünün yağlılığı 3,6-4, qoyun südünün yağlılığı isə 8-10 faiz təşkil edir. Bu formada isə qeyri-təbii süd əmələ gətirilir. Üstəlik, onun rəngi də bir az boza çalır. Ona görə də tərkibinə xüsusi ağardıcı titan-dioksid və dadlandırıcılar əlavə olunur".
Həmsöhbətimiz diqqətə çatdırıb ki, daha sonra ağartı məhsulları əldə etməyə başlayırlar:
"Çeşidə uyğun olaraq ucuz şor, pendir və qatıq istehsal edirlər. Onlar kimyəvi tərkibli olduqlarına görə uzun müddət xarab olmur. Əslində, ev şəraitində hazırlanan təbii qatıq maksimum 5 günə və ya 1 həftəyə xarab olur. Lakin həmin istehsalçılar qatığa 23 gün və ya 1 ay kimi yararlılıq müddəti qoyurlar. Bu necə ola bilir? Artıq səbəbi hamıya aydındır".
İlkin Şirinovun sözlərinə görə, bu gün üzsüz süd xammala çevrilir:
"Üstəlik, onlardan laboratoriya üçün nümunələr götürəndə belə analiz nəticələrində təbii süd kimi çıxır. Çünki tərkibində təbii südün suyundan istifadə olunub. Yəni heç kimə lazım olmayan süd turşuları laboratoriya nəticələrində təbii süd turşusu kimi qeyd olunur.
Ümumiyyətlə, bu gün təbii süddən hazırlanan pendirin, şorun və digər ağartı məhsullarının qiyməti ilə mağazalarda satılanların arasında kəskin fərq var. Ona görə ki, mağazalarda satılanların heç biri təbii süddən hazırlanmır".
Pərviz